Kredit alanlar sığortalanacaq – Yeni mexanizm necə işləyəcək?

Kredit alanlar sığortalanacaq – Yeni mexanizm necə işləyəcək?
Kateqoriya məlum deyil
T

Azərbaycanda kredit götürən şəxslərin işsiz qalması hallarının sığortalanması ilə bağlı yeni mexanizmin hazırlanması müzakirə olunur. Bu barədə Azərbaycan Mərkəzi Bankının Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Amerika Ticarət Palatasının (“AmCham”ın) Bakıda keçirdiyi tədbirdə məlumat verib. Yeni sistemin kredit alanların sosial müdafiəsini gücləndirməsi gözlənilsə də, prosesin hansı üsulla tətbiq ediləcəyi və kredit faizlərinə mümkün təsirləri hələ də açıq qalır. 


Bəs görəsən model necə işləyəcək? Bank sektoruna əlavə yük yaradacaqmı? 

 

Sualımızı cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanda kredit götürən şəxslərin işsiz qalması hallarının sığortalanması istiqamətində işlər aparılır və böyük ehtimalla bu sistem kredit müqaviləsinə əlavə sığorta xidməti kimi daxil ediləcək.

 

Onun sözlərinə görə, hazırda ölkəmizdə ölüm və əmək qabiliyyətinin itirilməsi risklərini əhatə edən sığorta mexanizmi mövcuddur:


“Yeni model isə borcalanın məşğulluğunu itirməsi ilə bağlı riski qarşılamanı hədəfləyir. Bu sistem çərçivəsində kredit alan şəxs aylıq və ya illik sığorta haqqı ödəməklə işini itirdiyi halda müəyyən müddət ərzində kredit ödənişlərinin tam və ya qismən sığorta şirkəti tərəfindən ödənilməsini təmin edə bilər. Beləliklə, həm bank üçün risklər azalır, həm də borcalan gözlənilməz maliyyə yükündən qorunur”.

 

 

A.Nəsirli qeyd edib ki, bu cür sığorta tətbiq edildikdə, borcalan işsiz qaldığı dövrdə kredit ödənişlərini özü əvəzləmək əvəzinə, onları müəyyən müddət ərzində sığorta şirkəti qarşılayır:

 

“Bununla bankların kredit portfelinin keyfiyyəti yaxşılaşır, borcalan isə çətin dövrdə borc öhdəlikləri altında qalmır. Lakin mexanizmin kreditin ümumi dəyərinə təsir göstərəcəyi qaçılmazdır. Sığorta xidmətlərinin tətbiqi banklar və sığorta şirkətləri üçün əlavə xərclər yaratdığına görə, bu xərclər ya birbaşa sığorta haqqı kimi borcalanın üzərinə düşəcək, ya da kredit məhsullarının qiymətinə dolayı şəkildə təsir göstərəcək. Faiz dərəcələrinin artırılması ehtimalı az olsa da, sığorta haqları kredit götürən üçün əlavə maliyyət yaradacaq”.

 

Müsahibimiz bildirib ki, sistemin üstünlüyü ondadır ki, iqtisadi dalğalanmalar, ixtisarlar və müəssisələrin bağlanması kimi hallarda həm banklar, həm də borcalanlar üçün əlavə təhlükəsizlik mexanizmi yaranır:

 

“Borcalan sosial risklərdən, banklar isə ödənişsiz qalma ehtimalından qorunur. Bununla yanaşı, müəyyən çətinliklər də mövcuddur: sığorta haqları aşağı gəlirli şəxslər üçün əlavə yük ola bilər, risklərin düzgün qiymətləndirilməməsi sığorta şirkətləri üçün problemlər yarada bilər və sığorta məhsulu çox bahalı olduqda vətəndaşların ona marağı azala bilər”.

 

A.Nəsirlinin dediyinə görə, dünya təcrübəsi göstərir ki, ABŞ, Böyük Britaniya, Kanada və bir sıra Avropa ölkələrində işsizlik riskinin kredit sığortası geniş tətbiq olunur:

 

“Bu ölkələrdə sığorta şirkətləri işsiz qalan şəxsin kredit ödənişlərini 6–24 ay müddətində qarşılayır. Bəzi hallarda ödəniş tam şəkildə, bəzi hallarda isə qismən edilir. Çox vaxt karensiya müddəti, yəni ödənişin başlanmasına qədər müəyyən gözləmə dövrü tətbiq olunur. Faiz dərəcələrinə təsir göstərilməsə də, sığorta haqları borcalanın ümumi xərclərini artırır. Avropa ölkələrində bu sahədə şəffaflıq tələbləri sərtdir və sığortanın məcburi şəkildə kreditə bağlanması qadağandır”.

 

Ekspert vurğulayıb ki, bu beynəlxalq təcrübə Azərbaycanda tətbiq ediləcək mexanizmin əsas konturlarını da müəyyənləşdirir:


“Gözlənilir ki, sığorta xidmətinin məcburi olmaması, borcalanın seçimindən asılı şəkildə təqdim olunması, işsizlik halında 3–12 ay ərzində kredit ödənişlərinin sığorta tərəfindən qarşılanması, faizlərin dəyişməməsi, lakin sığorta haqqının kreditin ümumi dəyərini artırması əsas elementlər olacaq. Eyni zamanda, risk qruplarına görə fərqli sığorta haqlarının müəyyənləşdirilməsi və bəzi işdən çıxma hallarının (məsələn, öz ərizəsi ilə işdən çıxma) sığortalanmaması da ehtimal olunur. Ümumilikdə, bu mexanizm banklar üçün risklərin azalmasına, borcalanlar üçün isə sosial müdafiənin güclənməsinə xidmət edə bilər”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ