ABŞ-də iqtisadi artım zəifləyə bilər - XƏBƏRDARLIQ

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, hökumətin bağlanması davam edərsə, ölkənin iqtisadi artım tempi yarıya qədər azala bilər.
Sfera.az xəbər verir ki, o, bu barədə “ABC News”-a açıqlamasında deyib.
“Biz bağlanmanın iqtisadiyyata təsirini artıq ilk gündən hiss etdik, lakin vəziyyət getdikcə daha da pisləşir. Son iki rübdə prezident Tramp dövründə fantastik iqtisadiyyatımız var idi. İndi isə hesablamalar göstərir ki, əgər bağlanma davam edərsə, bu rüb üçün iqtisadi artım yarıya qədər azala bilər”, – deyə Bessent bildirib.
Qeyd edək ki, hakim Respublikaçılar Partiyası ilə Demokratlar arasında bəzi xərc maddələri, o cümlədən səhiyyə ilə bağlı razılıq əldə edilmədiyi üçün ABŞ federal hökuməti oktyabrın 1-də gecə yarısı maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini qismən dayandırıb.
Tərəflər bir-birini bağlanmanı təhrik etməkdə və siyasi məqsədlərlə uzatmaqda ittiham edirlər. Hazırda razılaşma əldə olunmayıb.
1977-ci ildən bəri federal hökumətin maliyyələşdirilməsi administrasiya ilə Konqres arasındakı fikir ayrılıqları səbəbindən 20 dəfədən çox kəsilib. Hazırkı bağlanma ABŞ tarixində ən uzunmüddətli hökumət fəaliyyətinin dayandırılması sayılır və Donald Trampın prezidentliyi dövründə 2018–2019-cu illərdə qeydə alınan əvvəlki rekordu geridə qoyub.
Niyaz Hacıyev
Sfera.az






