Neftin ucuzlaşmasının faydası var – İqtisadçıdan AÇIQLAMA

Neftin ucuzlaşmasının faydası var – İqtisadçıdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Son aylarda beynəlxalq bazarlarda neftin qiymətində eniş müşahidə olunur. Proqnozlara əsasən, bu tendensiya qarşıdakı aylarda, hətta 2026-cı ilə qədər davam edə bilər. Neft və qazın ucuzlaşması isə dünyada digər əmtəələrin, xüsusən də enerji ilə bağlı məhsulların qiymətlərinə azaldıcı təsir göstərir. 


Bəs bu hal Azərbaycanda inflyasiyanın azalmasına səbəb olacaqmı?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, enerji qiymətlərinin enməsi ümumilikdə qlobal bazarda istehsal və nəqliyyat xərclərini azaldır, bu isə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da inflyasiya təzyiqlərinin zəifləməsinə səbəb ola bilər:


“Neft və qazın (qazın ucuzlaşma ehtimalı az olsa da) qiymətinin enməsi ümumilikdə dünyada digər əmtəələrin, o cümlədən enerji ilə bağlı məhsulların qiymətlərinə də azaldıcı təsir göstərir. Bu hal, istehsal və nəqliyyat xərclərinin bir hissəsini aşağı saldığı üçün bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da inflyasiya təzyiqlərini qismən zəiflədə bilər”.

 


İqtisadçı hesab edir ki, neftin qiymətinin aşağı qalması Azərbaycanın idxal etdiyi xammal və enerji resurslarının maya dəyərini azalda bilər. Bu, qiymət artımlarının qarşısını müəyyən qədər ala bilsə də, inflyasiyanın avtomatik olaraq enməsi demək deyil:


“Azərbaycanın iqtisadiyyatı təkcə enerji bazarından deyil, həm də daxili tələb, dövlət xərcləri, əməkhaqqı artımı və valyuta məzənnəsindən asılıdır. Neftin ucuzlaşması nəticəsində gəlirlərin azalması dövlət büdcəsinə və valyuta ehtiyatlarına mənfi təsir göstərə bilər. Bu halda manatın məzənnəsində təzyiq yaransa, idxal məhsullarının qiymətləri yüksələcək və inflyasiyanın azalması ləngiyəcək”.


Akif Nəsirli əlavə edib ki, hazırda Mərkəzi Bank inflyasiyanı 4±2 faiz diapazonunda saxlamağı hədəfləyir. Lakin enerji və ərzaq bazarlarındakı qeyri-sabitlik bu məqsədə çatmaqda əsas xarici risklərdən biri olaraq qalır.


“Beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, 2025–2026-cı illərdə Azərbaycanda inflyasiya təxminən 4–6 faiz aralığında qalacaq. Bu da onu göstərir ki, gələn il inflyasiya nisbətən sabit və orta səviyyədə olacaq, amma çox aşağı səviyyəyə enməsi gözlənilmir”.


Ekspertin fikrincə, neft qiymətlərinin azalması inflyasiyanın yüngülləşməsinə müəyyən qədər kömək edə bilər, lakin bu prosesin “aşağı inflyasiya dövrü”nü təmin edəcəyi real görünmür.


“Azərbaycanın qarşıdakı il üçün iqtisadi balansı neft gəlirləri, dövlət xərcləri və valyuta siyasəti arasındakı əlaqədən asılı olacaq”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR