Bakıda uşaq və xanım idmançıların karate seminarı keçirildi - FOTOLAR
Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Karate (WKF) üzrə Avropa çempionu Mədinə Sadıqovanın iştirakı ilə xanım idmançılar üçün seminar keçirilib.
Sfera.az xəbər verir ki, seminarda yeniyetmə, gənc və böyüklər yaş qruplarını təmsil edən 200-dən çox xanım karateçi iştirak edib.
Seminarın açılış mərasimində Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, Federasiyanın İdarə Heyətinin üzvləri, media nümayəndələri və idman ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Seminarın keçirilməsində əsas məqsəd Azərbaycanda qadın karatesinin inkişafına dəstək göstərmək, bu idman növünün xanımlar arasında kütləviliyini artırmaq, müxtəlif yaş qruplarından və idman klublarından olan karateçilər arasında birlik, həmrəylik və qarşılıqlı əməkdaşlıq mühitini gücləndirmək olub.
Tədbir, eyni zamanda, gənc idmançıların peşəkar təcrübələrinin artırılması, onların beynəlxalq nailiyyətlər qazanmış idmançılarla birbaşa ünsiyyət imkanlarının genişləndirilməsi və gələcək idman uğurlarına həvəsləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Avropa çempionu Mədinə Sadıqovanın iştirakı ilə keçirilən seminar müxtəlif yaş kateqoriyalarından olan xanım karateçilərin bir araya gəlməsinə, idman təcrübəsinin bölüşdürülməsinə və karate dəyərlərinin təbliğinə şərait yaradıb.
Seminar çərçivəsində xanımların idmanda fəal iştirakının təşviqi, sağlam həyat tərzinin formalaşdırılması, nizam-intizam, qarşılıqlı hörmət və komanda ruhunun gücləndirilməsi kimi məsələlərə xüsusi önəm verilib.
Azərbaycan Karate Federasiyası tərəfindən qadın karatesinin inkişafı, istedadlı idmançıların üzə çıxarılması, yeni nəslin idmana cəlb olunması və karatenin ölkə üzrə kütləviliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
200-dən çox xanım idmançının iştirak etdiyi seminar ölkəmizdə qadın karatesinə artan marağın, idmançılar arasında birlik və həmrəyliyin gücləndirilməsinin, eləcə də karatenin kütləvi idman növü kimi inkişafının təşviqi baxımından əlamətdar tədbirlərdən biri olub.
Federasiyasının prezidenti Ülvi Quliyev qeyd edib ki, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə xanım idmançılar üçün keçirilən seminar, ölkəmizdə qadın karatesinin inkişafı və kütləviliyinin artırılması istiqamətində növbəti mühüm addımdır.
O söyləyib ki, Avropa çempionumuz Mədinə Sadıqovanın iştirakı ilə baş tutan bu tədbirdə fərqli yaş qruplarını təmsil edən 200-dən çox xanım idmançımızın bir araya gəlməsi bizi olduqca sevindirir:
"Seminarın əsas məqsədi qadın karatesinə dəstək vermək, idmançılarımız arasında birlik, həmrəylik və komanda ruhunu daha da gücləndirməkdir.
Gənc nəslin peşəkar idmançılarla ünsiyyətdə olması və təcrübə qazanması onların gələcək nailiyyətləri üçün böyük stimuldur. Federasiya olaraq istedadlı idmançıların üzə çıxarılması və karatenin ölkə üzrə kütləviləşməsi istiqamətində layihələrimizi qətiyyətlə davam etdirəcəyik.
Seminarda fəal iştirak edən bütün xanım karateçilərimizə təşəkkür edir, gələcək yarışlarda uğurlar arzulayıram".














