Neymar tənqidlərə sərt cavab verdi

Neymar tənqidlərə sərt cavab verdi
Kateqoriya məlum deyil
T

"Santos"un hücumçusu Neymar poker turnirində iştirak etdiyinə görə ünvanına səslənən tənqidlərə sərt reaksiya verib.

Sfera.az İdman.Biz-ə istinadən bildirir ki, 34 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşdığı videoda həmin gün istirahətdə olduğunu bildirib və tənqidçilərinə "öz həyatları ilə məşğul olmağı" tövsiyə edib:

"Bu gün ikinci məşqə hazırlaşırdım və yadıma düşdü ki, istirahət günümdə poker oynamağa getdiyim üçün hamı bundan danışırdı. Səhər məşq etdim, oyuna getmədim, sonra yenidən məşqlərə qayıtdım. İstirahət günüm idi. Amma yenə də danışırlar. İndi məşqə hazırlaşıram. Məşq edə bilərəm, yoxsa buna görə də məni tənqid edəcəksiniz? Öz həyatınızla məşğul olun".

Olduqca əsəbi görünən Neymar videonun sonunda telefonun kamerasına əl vuraraq narazılığını ifadə edib.

Neymar ötən həftə 2026-cı il dünya çempionatından sonra qısa istirahətini başa vuraraq "Santos"un düşərgəsinə qayıdıb. Braziliya millisi mundialın 1/8 finalında Norveçə məğlub olaraq mübarizəni dayandırıb.

Hazırda fərdi fiziki hazırlıq proqramı üzrə çalışan hücumçu bu səbəbdən komanda ilə birlikdə Venesuelaya yollanmayıb. Buna baxmayaraq, "Santos" səfərdə UCV-ni 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Neymar uzun illərdir poker həvəskarı kimi tanınır. O, dünya çempionatından sonra, milli karyerasını başa vurduğunu açıqladıqdan bir neçə gün sonra da Las-Veqasda keçirilən poker turnirində iştirak etmişdi.

Neymar "Santos"un Cənubi Amerika Kubokunun 1/8 finalına vəsiqə uğrunda pley-off mərhələsinin ilk oyununda Venesuelanın "Universidad Central" (UCV) komandası ilə qarşılaşdığı vaxt San-Pauluda keçirilən poker turnirində iştirak etdiyinə görə tənqid olunmuşdu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR