Bütün gözlər onlara çevrilib

2026-cı il FIFA Dünya Çempionatının finalında futbol azarkeşlərinin diqqəti iki superulduzun üzərində olacaq.
“Qafqazinfo” xəbər verir ki, bir tərəfdə karyerasının son illərini yaşayan 39 yaşlı Lionel Messi, digər tərəfdə isə dünya futbolunun yeni siması hesab olunan 19 yaşlı Lamin Yamal dayanır.
FIFA reytinqində ilk iki pilləni bölüşən Argentina və İspaniya finalda “MetLife” stadionunda üz-üzə gələcək. Qarşılaşmanın əsas hekayələrindən biri isə vaxtilə eyni futbol məktəbindən keçən iki fərqli nəslin təmsilçisi – “Barselona” akademiyasının yetirmələri Messi və Yamalın dueli olacaq.
Messi 2022-ci ildə Qətərdə keçirilən DÇ-də arzusuna çataraq, dünya çempionu olub. Yamal isə karyerasında ilk dəfə mundial finalı həyəcanı yaşayacaq.
Lamin Yamal 2026-cı il DÇ-də texniki göstəriciləri ilə diqqət çəkib. İspan futbolçu turnirdə 30 uğurlu driblinqlə bu statistikanın lideridir.
Onu Fransa millisinin hücumçusu Kilian Mbappe (24 driblinq), braziliyalı Vinisius Junior (23), Lionel Messi (22) və belçikalı Ceremi Doku (21) izləyir.
Finalda meydana çıxacağı halda Lionel Messi DÇ tarixində üç final oynayan ikinci futbolçu olacaq.
39 yaşlı argentinalı ulduz bu göstəricidə braziliyalı əfsanə Kafuya (1994, 1998, 2002) çatacaq.
Messi finalda qol vurarsa, iki fərqli DÇ finalında fərqlənən altıncı futbolçu olacaq. Daha əvvəl bu uğura Vava (1958, 1962), Pele (1958, 1970), Pol Breitner (1974, 1982), Zinəddin Zidan (1998, 2006) və Kilian Mbappe (2018, 2022) nail olub.
Lionel Messi bu turnirdə 8 qol vuraraq, Fransa millisinin hücumçusu Kilian Mbappe ilə birlikdə bombardirlər siyahısında ilk pillədə qərarlaşıb.
Messi dünya çempionatlarının ümumi tarixində 21 qola imza atıb. Mbappenin aktivində isə 22 qol var.
Lamin Yamal isə qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı qol vurmasına baxmayaraq, hələlik pley-off oyunlarında fərqlənə bilməyib.
Messi DÇ tarixində ən çox qol epizodunda iştirak edən oyunçulardan biridir.
1966-cı ildən etibarən rəsmi statistikanın aparıldığı dövrdə Messi mundiallarda 21 qol və 12 məhsuldar ötürmə ilə ümumilikdə 33 qol töhfəsi verib.
Bundan başqa, Messi cərimə meydançasından kənardan vurduğu qollarla da rekord göstəriciyə çatıb. O, bu turnirdə uzaq məsafədən iki dəfə fərqlənib və DÇ tarixində belə qollarının sayını 7-yə çatdıraraq braziliyalı Rivelinonu geridə qoyub.
