“Vital Hospital”da ciddi nöqsanlar aşkarlandı – Fəaliyyəti dayandırıldı

“Vital Hospital”da ciddi nöqsanlar aşkarlandı – Fəaliyyəti dayandırıldı
Kateqoriya məlum deyil
T

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "Vital Hospital” kimi tanınan "SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də plandankənar yoxlama aparılıb.

Sfera.az xəbər verir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən, 21-23 iyul 2026-cı il tarixlərində keçirilən yoxlama zamanı müəssisədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan çoxsaylı qanun pozuntuları aşkar edilib.

Müəyyən olunub ki, klinikada tibbi təyinatlı məmulatların dezinfeksiya və sterilizasiyası, dezinseksiya və deratizasiya işləri sanitariya norma və qaydalarına uyğun həyata keçirilməyib. Eyni zamanda, "Lisenziyalar və İcazələr haqqında” Qanunun 27-ci maddəsinin tələbləri pozularaq lisenziya şərtlərinə əməl olunmayıb.

Yoxlama zamanı müəssisədə bir sıra ixtisaslar üzrə tələb olunan prosedur və qəbul otaqlarının təşkil edilmədiyi, bəzi şöbələrin normativ tələblərə cavab vermədiyi müəyyənləşib. Həmçinin pediatriya otağında peyvənd sahəsinin yaradıldığı, kardioloq və ginekoloqun eyni qəbul otağından istifadə etdiyi, peyvəndlərin məişət tipli soyuducuda saxlanıldığı və biomateriallarla reagentlərin eyni soyuducuda yerləşdirildiyi aşkarlanıb.

Bundan başqa, rentgen fəaliyyəti həyata keçirilsə də, müəssisənin xüsusi icazə sənədinin müddətinin bitdiyi, radioloji gigiyenik pasportun təqdim edilmədiyi məlum olub.

Yoxlama zamanı tibbi tullantıların idarə olunması sahəsində də ciddi nöqsanlar üzə çıxıb. Belə ki, tullantılar təsnifat üzrə ayrılmayıb, təhlükəsizlik qaydalarına əməl edilməyib, kəsici və deşici tullantılar üçün nəzərdə tutulan qutularda təhlükəli çatışmazlıqlar müəyyən edilib.

Analitik Ekspertiza Mərkəzi həmçinin müəssisədə kadr təyinatları ilə bağlı qanun pozuntularını da aşkarlayıb. Belə ki, ixtisasca laborant olan şəxsin baş tibb bacısı vəzifəsinə təyin edildiyi, şüa diaqnostikası üzrə həkimin radioloq kimi fəaliyyət göstərdiyi, bəzi əməkdaşların isə əmək müqavilələrinin yoxlamaya təqdim edilmədiyi bildirilib.

Yoxlama zamanı lisenziyada nəzərdə tutulmayan kosmetoloji xidmətlərin göstərildiyi, yararlılıq müddəti bitmiş dərman və tibbi vasitələrin saxlanıldığı, həmçinin dərman preparatlarının saxlanma qaydalarının pozulduğu da müəyyən edilib.

Aşkar edilmiş pozuntular nəzərə alınaraq, müəssisənin insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratdığı qənaətinə gəlinib. Bu səbəbdən "SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də stasionar tibbi xidmətin fəaliyyəti dayandırılıb, sahibkara aşkar edilmiş nöqsanların 10 iş günü ərzində aradan qaldırılması barədə göstəriş verilib.

Bildirilib ki, müəyyən olunmuş müddət başa çatdıqdan sonra müəssisədə təkrar yoxlama keçiriləcək və nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR