Bakıda avtobus intervalı niyə pozulur? — Ekspertdən AÇIQLAMA

Bakıda avtobus intervalı niyə pozulur? — Ekspertdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Bəzi marşrut avtobuslarının ilk dayanacaqda uzun müddət gözləməsi və gec hərəkətə başlaması sərnişinlərin əlavə vaxt itirməsinə səbəb olur. Mövcud vəziyyətin səbəbləri və nəqliyyatın ümumi fəaliyyətinə təsiri ciddi araşdırma tələb edir.

Nəqliyyat eksperti Ağa Dadaşzadə Sfera.az-a açıqlamasında bildirib ki, ilkin dayanacaqda avtobusların gözləməsinin əsas səbəblərindən biri müəyyən edilmiş hərəkət intervalının qorunmasıdır:

“Marşrut üzrə interval 8 dəqiqə müəyyən edilibsə, avtobus növbəti reysin vaxtı tamamlandıqdan sonra yola çıxmalıdır və buna görə də gözləyir. Digər səbəb isə sürücünün yola düşməzdən əvvəl avtobusun texniki sazlığını, yanacağını və təkərlərini yoxlamasıdır”.

A.Dadaşzadə qeyd edib ki, hazırda Bakıdakı sıxlıq və tıxaclar səbəbindən əvvəlcədən müəyyənləşdirilən hərəkət sxeminə tam riayət etmək mümkün deyil:

“Əvvəllər reyslər arasında 6, 8 və ya 10 dəqiqəlik intervalları qorumaq mümkün idisə, artıq indiki şəraitdə bu təminatı vermək çətindir. Şəhərin hansısa küçəsində yaranan tıxac səbəbindən avtobus yolda qalır və interval pozulur. Növbəti avtobus da gəlib son dayanacaqda gözləməli olur. Bu da həmin xətt üzrə intervalın pozulmasına təsir edən əsas amillərdən biridir”.

Ekspert hesab edir ki, hazırkı şəraitdə sərnişinlərin gözləmə müddətinin azaldılması üçün avtobuslar arasındakı interval iki dəfə azaldıla bilər:

“İndiki dönəmdə sərnişinləri incitməmək üçün bu intervalın 8 dəqiqə yox, 4 dəqiqə olması daha məqsədəuyğundur. Düzdür, burada sürücünün amilini də nəzərə almalıyıq. Sürücü hər dövrədən sonra yorulur və dincəlməlidir. Sükan arxasında uzun müddət hərəkətsiz oturmaq insan sağlamlığına mənfi təsir edir. Normalda 1 saat 25 dəqiqəyə başa çatmalı olan bir xətt üzrə hərəkət bəzən tıxaclar səbəbindən 2, 2 saat yarım, hətta 3 saata tamalanır. Sürücünü də qınamaq olmur. O da insan olaraq istirahət etməli, su və ya çay içməli, bir qədər hərəkət etməlidir. Sükan arxasında fasiləsiz 3 saat oturmaq həm ağır, həm də fiziki cəhətdən zərərlidir”.

Ekspert, həmçinin avtobusların aralıq dayanacaqlarda sərnişin gözləməsinin də ümumi hərəkət qrafikinə təsir etdiyini vurğulayıb. Onun fikrincə, bəzi sərnişinlərin məsuliyyətsizliyi də prosesi ləngidir:

“Avtobusun dayanacaqda ləngiməsinin bir səbəbi də sərnişin davranışı və bəzi vətəndaşların gediş haqqını düzgün ödəməməsidir. Hətta bəzən elə sərnişinlər olur ki, ödəniş kartını yükləmək üçün sürücüdən onu gözləməyi xahiş edir. Bütün bu kiçik görünən amillər ümumilikdə böyük gecikmələrə yol açır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR