Milyonçu ailəsinin varisi qızı zorladı – 4,5 il həbs cəzası aldı
Avstraliyada milyonlarla dollarlıq sərvətin varisi qızı zorladığına görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sfera.az bildirir ki, bu barədə “News.com.au” nəşri məlumat yayıb.
31 yaşlı Antonio Di Virgilio həbsxanaya göndərilib. 2022-ci ilin oktyabrında o və əmisi oğlu 19 yaşlı tanışlarını Qərbi Avstraliya ştatının Pert şəhərində yerləşən ailə malikanəsinə dəvət ediblər. Gənclər spirtli içki qəbul edib və narkotik vasitələrdən istifadə ediblər. Daha sonra Di Virgilio qızı həm özü, həm də əmisi oğlu ilə cinsi əlaqədə olmağa razı salmağa çalışıb. Qız bundan imtina edib, bir müddət sonra isə özünü pis hiss edərək yatmağa gedib.
Zərərçəkənin sözlərinə görə, səhər o, çılpaq vəziyyətdə, Di Virgilio və onun əmisi oğlunun arasında uzandığı halda oyanıb. Daha sonra qız huşsuz olduğu müddətdə baş verənləri aydınlaşdırmaq üçün Di Virgilioya mesaj yazıb. O isə cavabında “niyə özünü narahat hiss etdiyini anlamadığını” bildirib və qısa müddət sonra söhbəti dayandırıb.
DNT ekspertizası zərərçəkənin bədənində Di Virgiliyonun spermasının olduğunu təsdiqləyib. Oktyabr ayında o, həbs cəzasına məhkum edilib. Onun əmisioğlunun zorlamada iştirakını sübut etmək mümkün olmayıb. Di Virgilio hökmdən apellyasiya şikayəti versə də, müraciəti təmin edilməyib.
Kişi 1996-cı ildə DVG Automotive şirkətini təsis edən yeddi Di Virgilio qardaşından birinin oğludur. Zamanla şirkət Qərbi Avstraliya ştatının ən böyük avtomobil salonları şəbəkəsinə çevrilib.
2015-2016-cı illərdə qardaşlar DVG Automotive şirkətinin nəzarət səhm paketini Yaponiyanın Gulliver International şirkətinə satıblar. Həmin vaxt ailənin sərvəti 300 milyon Avstraliya dolları (16,2 milyard rubl) həcmində qiymətləndirilib.
Xatırladaq ki, daha əvvəl ABŞ-də məhkəmə insan alveri və cinsi istismar məqsədilə qadınları alverə cəlb etməkdə təqsirləndirilən Oren, Alon və Tal Aleksander qardaşlarını 30 il müddətinə azadlıqdan məhrum edib.
İnci
Sfera.az






