Yaponiyada 6 bala yaxın zəlzələ oldu
Yaponiyanın cənub-qərbində 5,7 maqnitudalı zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanların episentri Kumamoto prefekturasının Amakusa-Aşikita bölgəsində, təxminən 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ilkin məlumata əsasən, azı iki nəfər xəsarət alıb. Yeraltı təkanlar ölkənin cənub-qərbində yerləşən Kyuşu adası ilə yanaşı, Şikoku və Honsyu adalarının bəzi ərazilərində də hiss olunub. Yaponiya Meteorologiya Agentliyi əhaliyə növbəti bir həftə ərzində oxşar gücdə zəlzələlərin baş verməsi ehtimalına qarşı diqqətli olmağı tövsiyə edib. Hadisə ilə əlaqədar sunami xəbərdarlığı verilməyib.
Bununla belə, Minamata və Kuma yerli bələdiyyələri əhali üçün təxliyə əmri elan ediblər. Yaponiya Dəmir Yollarının Kyuşu bölməsinin məlumatına görə, Hakata və Kaqoşima-Çuo stansiyaları arasında hərəkət edən azı səkkiz sürətli qatar reysi müvəqqəti olaraq dayandırılıb.
Bəsti Rəfizadə
Sfera.az






