Almaniya Putinlə görüşə hazırlaşır? - Mertsin planı açıqlandı
Almaniya Ukrayna ilə bağlı Əbu-Dabidə keçirilən danışıqlardan sonra Rusiya ilə yüksək səviyyəli təmasların qurulması imkanını istisna etmir. Bu, Almaniya kansleri Fridrix Merts və Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşün gündəmə gəlməsi deməkdir.
Sfera.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.
Onun sözlərinə görə, Əbu-Dabidə keçirilən müzakirələr zamanı ABŞ və Avropa nümayəndələri gələcək danışıqların əsas prinsipləri ilə bağlı müəyyən razılığa gəliblər.
“Biz Əbu-Dabidə əsas prinsiplər üzrə qarşılıqlı anlaşma əldə etmişik. Bu anlaşma indi Rusiya Prezidentinə də çatdırılacaq və həmin əsasda danışıqlar inkişaf edə bilər”, – deyə Kornelius jurnalistlərə açıqlamasında bildirib.
Rəsmi nümayəndə Mertslə Putinin mümkün telefon danışığı və ya görüşü barədə suala cavabında belə təmasların baş tuta biləcəyinə işarə edib. Bununla belə, konkret görüşün vaxtı və formatı açıqlanmayıb.
Qeyd edək ki, noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib. Almaniya da prosesdə kanslerin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Günter Zautter vasitəsilə təmsil olunub, lakin Rusiya ilə birbaşa danışıqlar masasında iştirak etməyib.
Danışıqlarda Ukraynada müharibənin dayandırılması, təhlükəsizlik təminatları və gələcək Avropa təhlükəsizlik arxitekturası müzakirə olunub. Almaniya tərəfi Avropanın növbəti mərhələdəki danışıqlarda daha fəal iştirak etməli olduğunu bildirir.
Xatırladaq ki, Almaniya kansleri Fridrix Merts daha əvvəl Vladimir Putinlə görüşmək imkanını tamamilə istisna etmədiyini bildirmişdi. O, belə bir görüşün konkret məqsədi və nəticə perspektivi olduğu halda mümkün ola biləcəyini vurğulamışdı.
Fatimə
Sfera.az






