Dünyada nikahların ən az qeydə alındığı ölkələr açıqlanıb
Dünyanın bir sıra ölkələrində rəsmi nikahların sayı aşağı səviyyədədir. Bəzi dövlətlərdə hər 1000 nəfərə düşən nikahların sayı 2-dən də azdır.
Sfera.az xəbər verir ki, beynəlxalq statistik məlumatlara əsasən, nikah göstəricisinin ən aşağı olduğu ölkələr sırasında San-Tome və Prinsipi, Böyük Britaniya, Qətər və Venesuela yer alır.
Mövcud məlumatlara görə, San-Tome və Prinsipidə hər 1000 nəfərə 1,09, Böyük Britaniyada 1,29, Qətərdə 1,34, Venesuelada isə 1,42 nikah düşür. Panamada bu göstərici 1,74, Peruda 1,97 təşkil edir.
Kanadada hər 1000 nəfərə 2,59, Küveyt və Uruqvayda 2,78, Argentinada isə 2,84 nikah qeydə alınıb. Qeyd olunan rəqəmlər ölkələr üzrə müxtəlif illərin son mövcud statistik məlumatlarını əks etdirir.
Avropa İttifaqında da nikah göstəriciləri fərqlənir. Eurostat-ın məlumatına görə, 2024-cü ildə qurum üzrə hər 1000 nəfərə orta hesabla 3,9 nikah düşüb. İtaliyada bu rəqəm 2,9, Sloveniyada 3,0, Bolqarıstanda isə 3,2 olub.
Azərbaycanda isə 2024-cü ildə hər 1000 nəfərə 4,86 nikah düşüb. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə ölkəmizdə bu göstərici 9,23 təşkil edib.
Ekspertlərin diqqət yetirdiyi əsas məqamlardan biri də bir çox ölkədə insanların ailə qurmaq yaşının yüksəlməsidir. Təhsil və karyera planlarının önə çəkilməsi, mənzil və yaşayış xərclərinin artması, maliyyə müstəqilliyi əldə etmək istəyi nikah qərarının gecikməsinə təsir edən amillər sırasında göstərilir.
Bununla yanaşı, bəzi ölkələrdə nikahdan kənar birgə yaşayışın yayılması da rəsmi nikahların statistikasına təsir göstərir.
Qeyd edək ki, hər 1000 nəfərə düşən nikah sayı ölkədə evli insanların ümumi faizini deyil, bir il ərzində qeydə alınan nikahların əhali sayına nisbətini göstərir.
Fatimə
Sfera.az






