Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
Fransada keçirilən etiraz aksiyaları pərakəndə satış sektoruna ciddi ziyan vurub. Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən şəhər mərkəzlərindən uzaq duran istehlakçıların sayı artıb, aksiyalardan təsirlənən ərazilərdəki mağazaların dövriyyəsi 80 faiz azalıb.
Sfera.az xəbər verir ki, bu barədə Fransa Ticarət və Sənaye Palataları Birliyi məlumat yayıb.
Qurumun rəhbəri Alen Di Kresçenzo bildirib ki, pərakəndə satış sektorunun illik dövriyyəsinin 40 faizi noyabr və dekabr aylarında formalaşır. O, etirazların davam etməsinin sektora ciddi zərər vura biləcəyini deyərək, ilin sonunadək şəhər mərkəzlərində nümayişlərin qadağan olunmasına çağırıb.
Məlumata görə, son iki şənbə günü baş verən iğtişaşlar zamanı ölkə üzrə 2 500-dən çox ticarət obyektinə ziyan dəyib. Oktyabrın 17-də baş verən hadisələrdə 1 161 mağaza talan və yanğınlar nəticəsində ağır zərər görüb.
Ən çox zərər Fransanın Marsel şəhərində qeydə alınıb. Burada ziyan dəymiş 527 mağazadan 331-i dağıdılıb, 128-i isə tamamilə talan edilib.
Etirazlar qarşısında bir çox sahibkar mağazalarının vitrinlərini taxta panellərlə bağlayıb. Oktyabrın 30-31-də yeni aksiyaların keçiriləcəyi ilə bağlı çağırışlar səbəbindən bəzi obyektlərdə qoruyucu maneələr hələ də sökülməyib.
Məqalədə bildirilir ki, əvvəlcə sentyabrın ortalarında məktəblilərin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə başlayan aksiyalar sonradan hökumətin iqtisadi siyasətinə qarşı genişmiqyaslı etirazlara çevrilib. Bəzi şəhərlərdə etirazçılarla ifrat sağçı qruplar arasında da toqquşmalar yaşanıb.\\azxeber.com






