Logo

Bill Qeytsdən xəbərdarlıq: Onlar işsiz qala bilər

Bill Qeytsdən xəbərdarlıq: Onlar işsiz qala bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Süni intellekt və robot texnologiyalarının sürətli inkişafı gələcəkdə fiziki əmək tələb edən peşələrdə də kütləvi iş yerlərinin itirilməsinə səbəb olacaq.

Sfera.az xəbər verir ki, bunu “Microsoft” şirkətinin qurucusu Bill Qeyts İngiltərənin “The Observer” qəzetinə müsahibəsində bildirib.

Süni intellektin mümkün təhlükələri ilə bağlı dəfələrlə xəbərdarlıq edən milyarder texnologiyanın gələcəkdə insan əməyinə və məşğulluğa təsiri barədə proqnozlarını bölüşüb.
Qeyts mənfəətini artırmağa çalışan şirkətlərin insan işçiləri robotlarla əvəzləmək yanaşmasını tənqid edib. O bildirib ki, həm ofis işçiləri, həm də fiziki əmək tələb edən sahələrdə çalışanlar işlərini itirmək riski ilə üzləşə bilərlər.

Son illərdə süni intellekt proqram təminatının hazırlanması, məlumatların daxil edilməsi və müştəri xidmətləri kimi analitik və informasiya əsaslı işlərdə getdikcə daha geniş istifadə olunur. Bu proses xüsusilə ofis işlərinə tələbatın azalması ilə bağlı narahatlıqları artırıb.

Məqalədə qeyd olunub ki, bir neçə gün əvvəl Böyük Britaniyanın beynəlxalq banklarından biri olan “Barclays” məhsuldarlığı artırmaq və xərcləri azaltmaq məqsədilə qlobal işçi qüvvəsinin təxminən 5 faizinə uyğun gələn 5 min əməkdaşını ixtisar edəcəyini açıqlayıb. Bu çərçivədə artıq 1 000 nəfərin işinə xitam verildiyi bildirilib.

Bu qərarın Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyevanın süni intellekti “yavaş hərəkət edən sunami” adlandırmasından sonra verilməsi diqqət çəkib.

Georgiyeva süni intellektin dünya üzrə iş yerlərinin itirilməsinə səbəb olacağını bildirib. Onun sözlərinə görə, bu texnologiya artıq aşağı xərclə yerinə yetirilə bilən başlanğıc səviyyəli işləri də əhatə edir və nəticədə xüsusilə gənclərin əmək bazarına daxil olmaq imkanları məhdudlaşa bilər.

Bill Qeyts isə robotların inkişafı ilə inşaat və fabrik işçiliyi kimi fiziki bacarıq və əmək tələb edən peşələrin də təhlükə altına düşə biləcəyini vurğulayıb. O, süni intellektin gələcəkdə insanları intellektual imkanlarına görə geridə qoya biləcəyini də qeyd edib.

Qeyts hökumətləri mümkün kütləvi işsizlik probleminə hazırlaşmağa çağırıb. Onun fikrincə, bunun üçün təhsilə, işçilərin yenidən hazırlanmasına və yeni bacarıqların mənimsənilməsinə xüsusi diqqət yetirilməlidir.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR