"Əsas odur ki, ölsün” - Trampdan qəribə açıqlama
ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə Fort-Hud hərbi bazasında törədilən kütləvi qətlin təqsirkarı Nidal Hasanın güllələnərək edam olunmasını dəstəklədiyini bildirib. O, edam prosesinin canlı yayımlanmasına da şəxsən razılıq verdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə bu qərarı “iyrənc” adlandırıb.
Sfera.az xəbər verir ki, ABŞ-də Texas ştatında yerləşən Fort-Hud hərbi bazasında 13 nəfəri öldürən və 32 nəfəri yaralayan, keçmiş ordu psixiatrı Nidal Hasanın ictimaiyyət qarşısında edam edilməsi ilə bağlı qərar müzakirələrə səbəb olub.
ABŞ-nin müdafiə naziri Pit Heqsetin elan etdiyi güllələnmə və edam prosesinin canlı yayımlanması planına Donald Tramp da dəstək verib.
Nyu-Yorka səfəri ərəfəsində Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandıran Tramp qərarın arxasında olduğunu bildirib.
O, Nidal Hasanın ölüm cəzasına layiq olduğunu bildirib və edamın canlı yayımlanması ilə bağlı mövqeyini açıq ifadə edib. Jurnalistlərdən biri ondan Nidal Hasanın edamının canlı yayımlanmasını şəxsən təsdiqləyib-təsdiqləmədiyini soruşub. Tramp suala belə cavab verib:
“Əlbəttə, təsdiqləmişəm. Bu adam dəlidir. Necə öləcəyi məni maraqlandırmır, əsas odur ki, ölsün”.
Hərbi məhkəmənin münsiflər heyəti tərəfindən ölüm cəzasına məhkum edilən Hasanın dekabrın 3-də güllələnərək edam olunacağı gözlənilir.
Edamın canlı yayımlanması ideyasını irəli sürən ABŞ-nin müdafiə naziri Pit Heqset ictimaiyyət qarşısında edam qərarını müdafiə edib:
“İnsanların bunu izləyə bilməsini təmin edəcəyik. Qərar ictimaiyyətə açıq olacaq. Çünki cəmiyyət bu cür ağır cinayətlərin nə qədər ciddi nəticələrə səbəb olduğunu öz gözləri ilə görməlidir”.
Qeyd edək ki, qərar icra olunarsa, ABŞ 1936-cı ildən bəri ilk dəfə ictimaiyyət qarşısında həyata keçirilən edama şahidlik edəcək.
İradə Elsevər






