Rusiya 2027-ci ilə hazırlaşır - Müdafiə xərcləri kəskin artacaq
Rusiya 2027-ci ildə müdafiə xərclərini rekord həddə qaldırıb. Federal büdcə layihəsində bildirilib ki, müdafiə xərcləri 41% artırılaraq 17,15 trilyon rubla (205,4 mlrd ABŞ dolları) çatacaq.
Rusiyanın müdafiə xərclərini kəskin artırması bəzi suallar doğurur.
Maraqlıdır, rəsmi Moskvanın gələn ilə belə hazırlıq görməsi nə ilə bağlı ola bilər?
Siyasi şərhçi Taleh Əliyev Sfera.az-a açıqlamasında bildirib ki, müdafiə xərclərinin bu səviyyəyə çatdırılması 2027-ci ilin Rusiya üçün Ukrayna müharibəsində həlledici dönüş ili olacağı anlamına gəlmir.
T.Əliyev hesab edir ki, büdcənin üçdə birindən çoxunun müdafiə sahəsinə yönəldilməsi Rusiya iqtisadiyyatının digər istiqamətlərinə, o cümlədən investisiyalara və əhalinin sosial rifahının yaxşılaşdırılmasına ayrılan resursların məhdudlaşmasına səbəb ola bilər:
"Moskvanın belə böyük vəsaiti müdafiəyə yönəltməsi Ukraynada müharibənin davam etməsi fonunda yaranmış vəziyyətlə bağlıdır. Artıq Ukrayna ordusu Rusiyanın dərinliklərində yerləşən strateji obyektləri, o cümlədən hərbi və neft-qaz sektoruna aid obyektləri zərbə vasitələri ilə hədəfə ala bilir".

T.Əliyev qeyd edib ki, bu vəziyyət Rusiyanın təhlükəsizlik məsələlərinə daha çox vəsait ayırmaq məcburiyyətində qalmasına səbəb olur:
"Müdafiə xərclərinin artırılması müharibənin 2027-ci ildə Rusiyanın xeyrinə başa çatacağına zəmanət vermir. Əksinə, müharibə 2027-ci ildə də bitməyəcəksə, növbəti illərdə Rusiya üçün daha ağır vəziyyət yarana bilər”.
O əlavə edib ki, Rusiyanın büdcə vəsaitlərinin bu qədər böyük hissəsini uzun müddət müdafiə xərclərinə yönəltməsi iqtisadi inkişaf və sosial rifah baxımından əlavə təzyiqlər yarada bilər.
İradə Elsevər






