Aİ-dən videooyun nəhənglərinə zərbə: 9 şirkət araşdırılacaq

Aİ-dən videooyun nəhənglərinə zərbə: 9 şirkət araşdırılacaq
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) “Candy Crush Saga”, “Minecraft” və “Clash of Clans” kimi məşhur oyunlarda virtual valyutalarla edilən alış-verişlərin istehlakçı hüquqlarına uyğunluğunu araşdırmaq üçün 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb.

Sfera.az xəbər verir ki, Aİ Komissiyasının açıqlamasına görə, milli istehlakçı hüquqlarının müdafiəsi qurumlarından ibarət İstehlakçıların Müdafiəsi üzrə Əməkdaşlıq Şəbəkəsi (CPC) videooyun şirkətlərinə qarşı koordinasiyalı araşdırma başladıb.

Araşdırma çərçivəsində oyun daxilində satılan məhsulların və virtual valyutaların real pul ekvivalentinin oyunçulara aydın şəkildə göstərilib-göstərilmədiyi yoxlanılacaq. Müxtəlif virtual valyutalar və onların bir-birinə çevrilməsi zamanı alışların real dəyərinin gizlədilməsinin qarşısının alınması da araşdırılacaq. Bundan başqa, oyunçuların oyunda irəliləmək və ya müəyyən imkanlardan istifadə etmək üçün ehtiyaclarından artıq virtual valyuta almağa təşviq edilib-edilmədiyi də nəzərdən keçiriləcək.

Şirkətlərin alışdan əvvəl oyunçulara aydın və başadüşülən məlumat təqdim edib-etmədiyi, istifadə olunmamış virtual valyutalar da daxil olmaqla, 14 günlük alışdan imtina hüququ barədə məlumat verib-vermədiyi və müqavilə şərtlərinin ədalətli olub-olmadığı yoxlanılacaq.

Xüsusilə uşaqlar kimi həssas istehlakçı qruplarının zərərli və ədalətsiz tətbiqlərdən qorunması üçün görülən tədbirlərə də diqqət yetiriləcək.

Araşdırmaya cəlb edilən oyunlar arasında “Candy Crush Saga”, “Minecraft”, “Clash of Clans”, “Hunt: Showdown 1896”, “Forge of Empires”, “Mech Arena”, “Gardenscapes”, “Valorant” və “For Honor” yer alır.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR