NATO-da yeni böhran: ABŞ əsas müttəfiqlərini kənarda qoyur

NATO-da yeni böhran: ABŞ əsas müttəfiqlərini kənarda qoyur
Kateqoriya məlum deyil
T

NATO çərçivəsində ABŞ-nin bir sıra əsas müttəfiqlərinin dəvət olunmadığı yeni görüş keçirilməsi planlaşdırılır. Məlumatlara görə, Böyük Britaniya, Fransa və Baltikyanı ölkələr bu görüşə dəvət edilməyəcək.

Adıçəkilən ölkələrin görüşdən kənarda qalması alyans daxilində qərarların hansı formatda qəbul ediləcəyi və Vaşinqtonun NATO ilə bağlı gələcək siyasəti barədə müəyyən suallar yaradır.

Politoloq Həşim Səhrablı Sfera.az-a açıqlamasında bildirib ki, NATO ətrafında baş verən proseslər ittifaq daxilində ciddi fikir ayrılıqlarının olduğunu göstərir.

Onun sözlərinə görə, fikir ayrılıqlarının əsas səbəblərindən biri NATO-nun yaradılma məqsədi ilə bağlı fərqli yanaşmaların ortaya çıxmasıdır. Politoloq qeyd edib ki, alyans müdafiə təşkilatı kimi formalaşıb və üzv ölkələrdən birinə qarşı təhdid yarandıqda kollektiv müdafiə mexanizmi işə düşür:

“Trampın ABŞ-də hakimiyyətə gəlməsindən sonra fərqli yanaşma ilə qarşılaşmışıq. Tramp NATO ölkələrindən İrana qarşı hücum məsələsində ABŞ-yə dəstək vermələrini tələb edirdi. Halbuki NATO-nun hüquqi çərçivəsində üzv ölkənin başqa dövlətə hücum etməsi zamanı digər müttəfiqlərin həmin hücuma qoşulması ilə bağlı mexanizm yoxdur”.

Politoloq vurğulayıb ki, məhz bu səbəbdən NATO-nun digər üzvləri öz mövqelərində alyansın müdafiə xarakterli təşkilat olduğunu önə çəkiblər. Ekspert digər fikir ayrılığının Ukraynadakı müharibəyə yanaşmadan qaynaqlandığını bildirib.

Onun fikrincə, Tramp administrasiyası müharibənin dayandırılması və tərəflər arasında kompromis əldə olunması istiqamətində siyasət yürüdür, Fransa və Böyük Britaniya isə Ukraynaya dəstəklərini davam etdirərək Kiyevin mövqeyini müdafiə edirlər:

“Bu nöqtədə Fransa, Böyük Britaniya və ABŞ arasında fikir ayrılıqlarının yaşandığını gördük. Həm İrana hücum məsələsi, həm də Ukraynadakı vəziyyətlə bağlı müxtəlif yanaşmalar NATO daxilində bu ölkələr arasında müəyyən uçurum yaradıb. Hazırkı proses NATO-nun dağılması ilə deyil, daha çox alyans daxilində liderlik uğrunda mübarizə ilə əlaqəlidir. ABŞ, Fransa və Böyük Britaniya NATO daxilində öz maraqlarının və təsir imkanlarının üstün olmasına çalışırlar”.

H.Səhrablı hesab edir ki, ABŞ-nin NATO üzərindəki təsirinin əsas səbəblərindən biri ölkənin hərbi və iqtisadi gücüdür:

“Vaşinqton NATO-nun imkanlarından Rusiya və Çinlə bağlı siyasətində də istifadə etməyə çalışır. Eyni zamanda Fransa, Böyük Britaniya və Almaniya da alyans daxilində daha böyük rol almağa çalışırlar. Prosesin gələcək istiqaməti ABŞ-də formalaşacaq siyasətdən də asılı olacaq. Trampın siyasətini davam etdirən administrasiyanın hakimiyyətə gəlməsi NATO daxilində fikir ayrılıqlarını daha da kəskinləşdirə bilər. Bu, ittifaqın parçalanmasa belə, zəifləməsi prosesini sürətləndirə bilər. Əgər ABŞ-də Qərbi Avropa ölkələri ilə münasibətlərə və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinə üstünlük verən hakimiyyət formalaşarsa, fikir ayrılıqlarının qısa zamanda aradan qalxması da mümkündür”.

Politoloq əlavə edib ki, NATO daxilində nüfuz uğrunda mübarizə tamamilə yeni proses deyil və gələcəkdə də davam edə bilər. Əsas məsələ bu rəqabətin hansı səviyyədə və hansı formada davam edəcəyidir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR