ABŞ-də uğursuz edam: Məhbus sağ qaldı

ABŞ-nin Tennessi ştatında ölüm hökmünə məhkum edilmiş Krista Pikeyə iki doza ölümcül dərman verilməsinə baxmayaraq, edamın həyata keçirilməsi mümkün olmayıb.
Sfera.az xəbər verir ki, ABŞ mediasının yaydığı xəbərlərə görə, Pikenin vəkilləri bildiriblər ki, ştatın paytaxtı Neşvildə yerləşən Riverbend Yüksək Təhlükəsizlikli Cəza Müəssisəsində məhbusun edamı üçün ona iki şpris pentobarbital vurulub.
Lakin dərmanların tətbiqinə baxmayaraq, Pike tam huşunu itirməyib və ürək döyüntüsü davam edib.
Prosesi izləyən jurnalistlərin sözlərinə görə, prosedur adi haldan daha uzun çəkib.
Enjeksiyalardan sonra da Pikenin nəfəs aldığı və xoruldadığı müşahidə olunub. Bundan sonra Pike həbsxanadan kənarda yerləşən tibb müəssisəsinə aparılıb.
Tennessi qubernatoru Bill Li hadisənin araşdırılması barədə göstəriş verib. Araşdırma başa çatana qədər ştatda ilin qalan hissəsi üçün planlaşdırılan digər edamların da dayandırıldığı bildirilib.
Qeyd edək ki, Krista Pike 1995-ci ildə, 18 yaşında olarkən sinif yoldaşı Collen Slemmeri öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi.
İradə Elsevər






