Tramp İrana güzəşt etdi? – Ağ Evdən açıqlama

Tramp İrana güzəşt etdi? – Ağ Evdən açıqlama
Kateqoriya məlum deyil
T

ABŞ mediasında yayılan xəbərlərdə Tramp administrasiyasının, İranın nüvə proqramı ilə bağlı güzəştlər etməsi müqabilində Tehrana iqtisadi rahatlıq yaratmağı nəzərdən keçirdiyi iddia olunub. ABŞ Prezidenti Donald Tramp bu iddianı təkzib edərək, İran tərəfinə bununla bağlı heç bir təklif vermədiyini bildirib.

Sfera.az xəbər verir ki, ABŞ ilə İran arasında müharibənin daimi şəkildə sona çatdırılmasına yönəlmiş diplomatik səylər davam edərkən, ABŞ-nin "Axios" xəbər saytı Vaşinqtonla Tehran arasındakı danışıqlarla bağlı diqqətçəkən bir iddia yayıb.

Adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinad olunan xəbərdə Tramp administrasiyasının, İranın nüvə proqramı ilə bağlı konkret güzəştlər müqabilində Tehrana iqtisadi rahatlıq yaratmağa hazır olduğu irəli sürülüb.

"Axios"un “Tramp konkret nüvə güzəştləri müqabilində İrana iqtisadi rahatlıq təklif edir” başlıqlı xəbərində, ABŞ administrasiyasının İranın nüvə proqramı ilə bağlı atacağı konkret addımlar qarşılığında sanksiyaları yumşaltmağa hazır olduğu iddia edilib. ABŞ və İran arasındakı dolayı danışıqlardan məlumatlı olduğu bildirilən amerikalı rəsmi bu prosesi “müsbət və konstruktiv” kimi qiymətləndirib. Həmin rəsmi İranın nüvə proqramı məsələsində “çevik” mövqe nümayiş etdirdiyini də diqqətə çatdırıb.

Bununla belə, tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının qaldığı qeyd edilib. ABŞ rəsmisinin sözlərinə görə, “nüvə məsələsi həll olunmayana qədər” razılaşmanın əldə edilməsi mümkün deyil. Amerikalı rəsmi tərəflərin üzərinə götürəcəkləri öhdəliklərin icra vaxtı və hansı tərəfin ilk addımı atacağı məsələsində fikir ayrılığı yaşadıqlarını bildirib.

Eyni zamanda rəsmi şəxs ABŞ-nin mövqeyinin getdikcə gücləndiyini iddia edərək, “blokada və sanksiyalar İranın mövqeyini zəiflətməyə davam edir. ABŞ-nin mövqeyi hər gün daha da güclənir” deyib. Onun fikrincə, Prezident Tramp səbirli davranmağa davam edir və İranın nüvə silahına sahib olmasının qarşısını almaq məqsədinə sadiqdir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR