ABŞ Çinlə İranı müzakirə edəcək: Böyük bazarlıq başlayır

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşündə İran ətrafındakı vəziyyətin də müzakirə olunacağını açıqlayıb.
Maraqlıdır, Tramp İranla bağlı Çin liderindən nə istəyəcək?
Politoloq Natiq Miri Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı elan etdiyi hədəflərə tam çata bilmədiyi üçün Tehrana təsir imkanları olan Çinin nüfuzundan istifadə etməyə çalışır.
Onun sözlərinə görə, ABŞ-İsrail-İran qarşıdurmasında İrana dəstək verən əsas geosiyasi güc mərkəzlərindən biri Çindir:
“Çünki İranın əsas neftini alan, eyni zamanda ona dron və raket istehsalı üçün müəyyən strateji elementlər göndərən ölkə Çindir. Çin bunları, o cümlədən İran neftinin alışını dayandırdığı təqdirdə, bu, İran üçün çox ciddi problemlər yarada bilər”.
Politoloq qeyd edib ki, ABŞ-nin hazırkı siyasətində əsas istiqamətlərdən biri İranı iqtisadi baxımdan zəiflətməkdir. Onun fikrincə, Vaşinqton Çindən İrana silah satışını, silah istehsalında istifadə olunan elektron çiplərin və digər komponentlərin tədarükünü dayandırmasını gözləyə bilər:
“ABŞ həmçinin İran neftinin alışının – istər rəsmi, istərsə də qeyri-rəsmi yollarla – dayandırılmasını istəyir. Bu, İranı iqtisadi cəhətdən sıxışdırmaq siyasətinin tərkib hissəsidir”.

N. Miri deyib ki, Çin bu məsələlərdə ABŞ-yə birtərəfli güzəştə getməyəcək və qarşılığında öz maraqlarını gündəmə gətirəcək. O bildirib ki, Pekin ABŞ-dən Tayvana silah satışının dayandırılmasını, həmçinin ticarət və gömrük rüsumları ilə bağlı məsələlərdə qarşılıqlı maraqların nəzərə alınmasını tələb edə bilər.
Politoloq əlavə edib ki, süni intellekt sahəsində ABŞ və Çin arasında mövcud rəqabət də tərəflərin danışıqlarında əsas mövzulardan biri ola bilər:
“Danışılacaq və pazarlıq ediləcək məsələlər çoxdur. Çin bunları almadan nəyisə ABŞ-a verəcəyini düşünmək doğru olmazdı. Ona görə də ciddi pazarlıqlar gedəcək. Nəticə etibarilə hansı anlaşmaların əldə olunacağını indidən demək çətindir”.
N.Miri hesab edir ki, İranın Çin üçün tamamilə vazkeçilməz dövlət olduğunu demək də doğru olmaz:
"Pekin seçim qarşısında qalarsa, öz dövlət maraqlarını əsas götürəcək və ABŞ ilə münasibətlərin normallaşdırılması da Çin üçün mühüm amil olaraq qalacaq. Trampın Si Cinpinə göstərdiyi protokoldan kənar jestlər də Çinlə danışıqlarda müsbət atmosfer yaratmaq cəhdi kimi qiymətləndirilə bilər. Ancaq Si kimi rəhbərlər bu cür jestlərə görə güzəştə gedəcək adamlar deyillər. ABŞ-nin güzəşt sərhədlərinin haraya qədər olduğu isə hələlik bəlli deyil. Donald Tramp qeyri-müəyyən siyasət yürüdən liderdir və onun sərhədlərini dəqiq müəyyənləşdirmək çətindir".
O əlavə edib ki, konkret nəticə barədə danışmaq üçün Çin liderinin ABŞ səfərindən sonra iki ölkənin atacağı addımları gözləmək lazımdır.
İradə Elsevər






