İsveç seçkilər öncəsi xarici müdaxilədən narahatdır

İsveçdə sentyabrın 13-də keçiriləcək ümumi seçkilər öncəsi xarici informasiya təsiri və siyasi müzakirələrin manipulyasiyası ilə bağlı narahatlıqlar artır.
Sfera.az xəbər verir ki, İsveç Psixoloji Müdafiə Agentliyinin keçirdiyi sorğuya əsasən, ölkə sakinlərinin 64 faizi bu il xarici qüvvələrin İsveçə təsir göstərməyə cəhd etməsini mümkün hesab edir.
Agentlik ötən həftə “X” sosial şəbəkəsində süni intellektin qismən köməyi ilə idarə olunan təxminən 1200 saxta hesabdan ibarət “Holiday” adlı şəbəkə aşkarladığını açıqlayıb. Bu hesablar 2025-2026-cı illərdə 50 mindən çox paylaşım, şərh və repost yayıb. Şəbəkə sonradan “X” tərəfindən silinib.
Mütəxəssislər bildirirlər ki, süni intellekt və sosial şəbəkələr xarici qüvvələrə böyük həcmdə siyasi məzmun hazırlamağa və onu müxtəlif saxta hesablar vasitəsilə yaymağa imkan verir.
Xüsusilə TikTok kimi platformalarda gənc seçicilərin siyasi məlumatlara çıxışı bu riski artırır.
İsveç Müdafiə Tədqiqatları Agentliyinin məlumatına görə, seçkilərlə bağlı onlayn paylaşımların sayı erkən səsvermə ərəfəsində gündəlik təxminən 1000-dən 2400-ə yüksəlib. Bununla belə, mütəxəssislər indiyədək müşahidə olunan aktivliyin miqyasının böyük olmadığını və konkret xarici kampaniya ilə əlaqələndirilmədiyini bildirirlər.
İnci
Sfera.az






