Müəmmalı sərhəd bölgəsi - Heç bir dövlət istəmir

Misir və Sudan sərhədində yerləşən Bir Tavil beynəlxalq hüquqda nadir “iddiasız ərazi” nümunələrindən biri hesab olunur.
Sfera.az xəbər verir ki, təxminən 2060 kvadrat kilometr ərazini əhatə edən bu səhra bölgəsi Şimali Afrikanın ən quraq zonalarından birində yerləşir. Maraqlıdır ki, hazırda nə Misir, nə də Sudan bu əraziyə rəsmi iddia irəli sürür. Bunun əsas səbəbi 19-cu və 20-ci əsrlərdə çəkilən fərqli sərhəd xətləridir. 1899-cu ildə siyasi sərhəd, 1902-ci ildə isə inzibati sərhəd müəyyən edilib və bu fərqlilik indiki vəziyyəti yaradıb. Hər iki ölkə daha dəyərli hesab edilən Halaib Üçbucağı bölgəsinə iddia etməyi üstün tutub. Nəticədə Bir Tavil hüquqi baxımdan boş ərazi kimi qalıb. Regionda sərt səhra iqlimi hökm sürür və temperatur yayda 45 dərəcəyə qədər yüksəlir.
Su mənbələrinin və bitki örtüyünün yoxluğu bölgəni yaşayış üçün yararsız edir. Ərazidə daimi əhali yaşamır, yalnız köçəri qrupların keçdiyi bildirilir./metbuat






