İtaliya İspaniya ilə sərhəd nəzarətini uzatdı

İtaliya İspaniya ilə sərhəd nəzarətini uzatdı
Kateqoriya məlum deyil
T

İtaliya İspaniya ilə sərbəst hərəkət rejimini daha 15 gün müddətinə dayandırıb.

Qərara İspaniyanın Şimali Afrikadakı Sebte şəhərinə son dövrdə kütləvi qeyri-qanuni miqrant axını səbəb olub.

Sfera.az xəbər verir ki, İtaliyanın daxili işlər naziri Matteo Piantedosi Neapol şəhərində iştirak etdiyi tədbirdə jurnalistlərə açıqlamasında İspaniya ilə sərbəst hərəkətin dayandırılması müddətinin uzadılmasının zəruri olduğunu bildirib. Nazirin sözlərinə görə, qərar sərhəd təhlükəsizliyinin təhlili ilə məşğul olan qurumun qiymətləndirmələri əsasında qəbul edilib: “Uzatmanı 15 günlə məhdudlaşdırdıq. Bir tərəfdən ekspertlərin apardığı təhlil bu tədbirin əsaslarının hələ də qüvvədə olduğunu göstərir. Digər tərəfdən isə İspaniya hökumətinin Avropa İttifaqı ilə birlikdə vəziyyəti aradan qaldırmaq üçün göstərdiyi səylər təqdirəlayiqdir” O, bu qərarın son uzatma olacağına ümid etdiyini və həm İspaniya, həm də Avropa İttifaqı ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıb. İyulun 30-31-də 800-dən çox qeyri-qanuni miqrant Mərakeşin Fənidek qəsəbəsinin sahillərindən üzərək İspaniyanın Şimali Afrikadakı ərazisi olan Sebte şəhərinə keçməyə çalışıb.

Miqrantların qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb. İspaniyanın Baş naziri Pedro Sançes hadisə ilə bağlı hökumətin bütün mövcud resursları səfərbər etdiyini açıqlayıb. İspaniya hökuməti Sebteyə qeyri-qanuni miqrasiya cəhdlərinin artmasından sonra təhlükəsizliyin təmin olunması məqsədilə silahlı qüvvələrin bölgəyə yerləşdirilməsinə qərar verib. Madrid daha sonra açıqlayıb ki, sözügedən kütləvi axın zamanı Sebte şəhərinə üzərək və ya piyada keçənlərin sayı 49 mindən çox olub.

Bildirilib ki, qeyri-qanuni miqrantların demək olar ki, hamısı Mərakeşə geri qaytarılıb. Sebteyə miqrant axınının artmasından sonra İtaliya avqustun 1-dən etibarən İspaniya ilə sərbəst hərəkəti dayandırıb. İki ölkə arasında birbaşa quru sərhədi olmasa da, dəniz və hava yolu ilə İspaniyaya gedən sərnişinlər üçün sərhəd yoxlamaları tətbiq edilməyə başlanılıb. İtaliyanın bu qərarı İspaniyanın narazılığına səbəb olub. Madrid hökuməti də avqustun 7-də cavab addımı ataraq İtaliyadan İspaniyaya dəniz və hava yolu ilə gələn sərnişinlərin sentyabrın 7-dək sərhəd yoxlamasından keçiriləcəyini açıqlayıb.

İradə Elsevər

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR