Böyük Britaniyada kiberhücum: Milyonlarla sərnişin zərər gördü

Böyük Britaniyanın üç böyük hava limanını hədəf alan kiberhücum nəticəsində təxminən 8,7 milyon müştərinin şəxsi məlumatlarına giriş əldə edildiyi açıqlanıb.
Sfera.az xəbər verir ki, insident "Mançester", "London Stansted" və "East Midlands" hava limanlarını idarə edən "Manchester Airports Group"a (MAG) qarşı həyata keçirilib.
Şirkətin açıqlamasına görə, kiberhücum nəticəsində əsasən terminal "Wi-Fi" xidmətlərindən istifadə zamanı toplanan elektron poçt ünvanlarına giriş əldə olunub. Bundan əlavə, hava limanlarında parklanma və sürətli keçid xidmətləri üzrə rezervasiyalarla əlaqəli telefon nömrələri, avtomobil dövlət qeydiyyat nişanları və poçt indeksləri də əldə edilib.
MAG bildirib ki, hadisə sərnişinlərin təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə təsir göstərməyib. Həmçinin müştərilərin bank və ödəniş məlumatlarının sızmadığı qeyd olunub.
Şirkətin nümayəndəsi bildirib ki, icazəsiz üçüncü tərəfin müdaxiləsi aşkarlandıqdan sonra risk dərhal nəzarət altına alınıb. Sistemlərin və müştəri məlumatlarının qorunması üçün kibertəhlükəsizlik üzrə mütəxəssislərlə birgə tədbirlər görülüb. Müvafiq dövlət qurumlarının da hadisə barədə məlumatlandırıldığı açıqlanıb.
Kiberhücuma baxmayaraq, hər üç hava limanında uçuşların qrafiki, terminal əməliyyatları və parklanma xidmətləri normal şəkildə davam edir.
MAG sərnişinlərə hava limanı rəhbərliyindən göndərilmiş kimi görünən şübhəli elektron məktublara, telefon zənglərinə və mesajlara qarşı diqqətli olmağı tövsiyə edib.
İradə Elsevər






