Ukraynanın imkanları tükənir? - Vəd edilən vəsaitlər ayrılmır

Ukraynanın xarici maliyyə vəsaitlərindən asılılığı artır. Ukraynanın siyasi xadimlərinin açıqlamasına görə, rəsmi Kiyevə beynəlxalq maliyyə dəstəyi maksimum həddə çatıb və Qərbdən daha çox vəsait gözləmək real deyil. Hökumətdən isə bildirirlər ki, ölkənin bütün daxili maliyyə ehtiyatları tükənib və büdcəni xarici donorlar olmadan idarə etmək qeyri-mümkündür.
Qeyd edək ki, Ukraynanın 2026-cı il büdcəsində xərclər 104 milyard dollar, gəlirlər cəmi 64 milyard dollar proqnozlaşdırılıb. Bunun 66 milyard dolları birbaşa müdafiə və təhlükəsizliyə sərf olunacaq.
Sfera.az xəbər verir ki, belə bir vəziyyətdə ölkənin 2026-cı il üçün Qərb tərəfdaşlarından gözlədiyi maliyyə dəstəyinin böyük hissəsi hələ də təmin edilməyib.
Ukrayna hakimiyyəti 2026-cı ildə Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da daxil olmaqla beynəlxalq tərəfdaşlardan ümumilikdə 49 milyard dollar maliyyə dəstəyi cəlb etməyi planlaşdırır. Lakin indiyədək Qərb ölkələri və beynəlxalq qurumlar tərəfindən Kiyevə 13 milyard dollardan az vəsait ayrılıb.
Bəs belə bir vəziyyətdə Ukraynanın Rusiyaya qarşı uzunmüddətli müharibəni davam etdirmək üçün imkanları tükənə bilərmi?
Məsələ ilə bağlı politoloq Ramiyə Məmmədova Sfera.az-a açıqlama verib.

O bildirib ki, Ukrayna-Rusiya savaşı artıq pik nöqtəyə çatıb və onun dayandırılması hər iki tərəf üçün zərurətə çevrilib:
“Beynəlxalq güclərin və beynəlxalq hüququn Ukrayna-Rusiya savaşında heç bir rol oynamadığını və təsir imkanlarının olmadığını gördük. Rusiya qarşısına qoyduğu məqsədə çatmaq niyyətindədir. Rəsmi Moskva bunu dəfələrlə bəyan edib. Rusiya öz istəyinə çatmaq üçün bütün resurslardan istifadə etmək fikrindədir. Ukrayna isə Rusiya qədər gücə sahib deyil. Sanksiyalara baxmayaraq, Rusiyanın iqtisadi vəziyyəti Ukraynadan yaxşıdır. Çünki Rusiya öz sərvətlərini, o cümlədən neftini və qazını üçüncü ölkələr vasitəsilə sata bilir”.
Politoloq bildirib ki, Avropanın da bugünkü iqtisadi vəziyyəti kifayət qədər çətindir və ona görə də ayrılan subsidiyalara artıq qənaət etməyə başlayıblar:
“Bu vəziyyət Ukrayna-Rusiya savaşında böyük rol oynaya bilər və nəticədə Ukraynanın zəifləməsinə gətirib çıxara bilər. Təbii ki, Ukrayna hökuməti xaricdən gələn subsidiyaları və yardımları yenə də əldə etməyə çalışır. Ancaq Avropa artıq Ukraynanın nə qədər korrupsiyaya batdığını görür. Avropada belə düşünürlər ki, ayrılan vəsaitlərin bir hissəsi mənimsənilir və buna görə də daha çox vəsaitin ayrılması səmərəli deyil. Ukrayna müharibə aparmasına baxmayaraq, ölkədə həddindən artıq zəngin bir təbəqə çox yaxşı yaşayır. Zəngin təbəqənin xaricdə özlərinə çox böyük dividendlər əldə etdiyi, evlər aldığı və digər sərvətlərə sahib olduğu barədə də məlumatlar var. Ona görə də bugünkü gündə Ukraynaya yardımların dayandırılması və yoxlamaların aparılması ilə bağlı Avropa tərəfindən bir neçə dəfə komissiyalar da yaradılıb. Ukrayna ilə bu məsələdə böyük çaxnaşmalar da yaşanıb".
Politoloq hesab edir ki, müharibənin uzanmasını və ağır iqtisadi vəziyyəti nəzərə alaraq, Ukrayna Rusiya ilə danışıqlara girməyə məcbur olacaq.
Bəsti Rəfizadə






