Bessent: İrana bu halda zərbə endirə bilərik

ABŞ-nin maliyyə naziri Skott Bessent İrana qarşı hərbi addımın hansı halda atıla biləcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Bessent “Financial Times” qəzetində yayımlanan məqaləsində bildirib ki, İran ABŞ-nin elan etdiyi misli görünməmiş sanksiyalara hərbi eskalasiya ilə cavab verərsə, Vaşinqton buna sürətlə reaksiya verəcək.
Nazirin sözlərinə görə, Tehran ABŞ hərbçilərinə və ya Fars körfəzindəki qonşu ölkələrə qarşı hərbi əməliyyat həyata keçirərsə, ABŞ Prezidenti Donald Tramp sürətli və qətiyyətli cavab verəcək.
Bessent qeyd edib ki, hazırkı mərhələdə Vaşinqtonun əsas məqsədi İranı tam iqtisadi təcrid etməkdir.
Daha əvvəl Bessent “X” sosial şəbəkəsində bazar ertəsi ABŞ-nin İrana qarşı “maliyyə hücumuna” başlayacağını açıqlayıb. Donald Tramp isə İranla bağlı “iqtisadi müharibə və təcrid” siyasətinin görünməmiş miqyasda həyata keçiriləcəyini bildirib.
ABŞ lideri həmçinin xəbərdarlıq edib ki, maliyyə qurumları, şirkətləri, hava limanları və ya dövlət strukturları Tehranı dəstəkləyən ölkələr Vaşinqton tərəfindən ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.
Bəsti Rəfizadə






