Polşa İrana sanksiyalardan yayınmağa necə kömək edib? - 4 milyard dollarlıq sxem

ABŞ Polşada fəaliyyət göstərən “Shelbit Technologies” şirkətini İrana qarşı tətbiq olunan sanksiyalardan yayınmağa və çirkli pulların yuyulmasına yardım göstərməkdə ittiham edərək sanksiya siyahısına salıb.
Sfera.az xəbər verir ki, bu barədə “Wirtualna Polska” ABŞ-nin apardığı araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.
Məlumata görə, 2023-cü ildə yaradılan şirkət 2024-cü ilin martında iranlı Siavaş Kayvanpurun rəhbərliyinə keçib. Bundan sonra “Shelbit Technologies” Polşada virtual valyutalarla bağlı fəaliyyət reyestrində rəsmi qeydiyyatdan keçib və Avropa İttifaqı ölkələrində qanuni fəaliyyət göstərmək, eləcə də kvazibanklarda hesablar açmaq imkanı əldə edib.
ABŞ hüquq-mühafizə orqanlarının məlumatına əsasən, şirkət İranın sanksiyalardan yayınmasına ümumilikdə 4 milyard dollar həcmində yardım göstərib. Bu vəsaitlərin İran Mərkəzi Bankı, İslam İnqilabı Keşikçiləri Korpusu və qanunsuz onlayn oyunlarla əlaqəli olduğu bildirilir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, vəsaitlər Polşadan İrana birbaşa köçürülməyib. Pul transferləri digər ölkələrdə yerləşən təşkilatlar vasitəsilə həyata keçirilib. Buna baxmayaraq, araşdırmada Varşavanın sxemdə strateji mövqeyə malik olduğu vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Təşəbbüsü 86 senator dəstəkləyib, 11 senator isə əleyhinə çıxıb.
İnci
Sfera.az






