Tramp Hörmüz boğazını ABŞ ərazisi kimi göstərdi - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Hörmüz boğazını ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb.
Sfera.az xəbər verir ki, Tramp xəritəni “Truth Social” platformasındakı hesabında yayımlayıb. Şəkildə Hörmüz boğazının üzərində “Yeni Amerika ərazisi. Hörmüz boğazı” ifadəsi yazılıb. ABŞ lideri daha əvvəl də Hörmüz boğazının Amerika ərazisi elan edilməsi ideyasını müsbət qarşıladığını bildirmişdi.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanı pozmaqda ittiham edərək Tehrana qarşı genişmiqyaslı hücumları bərpa edib.
Avqustun 2-də isə Tramp İranla razılığa gəlmək məqsədilə ölkəyə qarşı planlaşdırılan böyük hücumun həyata keçirilməsindən imtina etməyə razı olduğunu açıqlayıb. Onun sözlərinə görə, Tehran və ərəb paytaxtları ABŞ-dan hücumdan çəkinməyi xahiş edib. Tramp tərəflərin gələcək razılaşmanın əsas konturları üzrə razılığa gəldiyini bildirib. Hörmüz boğazı dünyanın ən mühüm enerji marşrutlarından biri hesab olunur və onun statusu ilə bağlı istənilən siyasi və hərbi gərginlik qlobal enerji bazarlarında ciddi narahatlıq yarada bilər.
Bəsti Rəfizadə







