Zəlzələ səmanı qırmızıya boyadı

Kolumbiyada baş verən güclü zəlzələdən təxminən bir həftə sonra səmanın qırmızı və narıncı rəngə boyanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, avqustun 10-da ölkənin qərbində yerləşən Çoko bölgəsində, San-Xose-del-Palmar yaxınlığında 7,4 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Kali, Pereyra və Manizales də daxil olmaqla bir sıra şəhərlərdə hiss olunub. Zəlzələdən bir neçə gün sonra sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi ərazilərdə gün batımı zamanı səmanın qeyri-adi dərəcədə qırmızı rəngə boyandığı əks olunub.
İstifadəçilər bu görüntüləri mümkün yeni seysmik aktivliklə əlaqələndirsələr də, bununla bağlı hər hansı elmi sübut yoxdur. Mütəxəssislərin fikrincə, günəş üfüqə yaxınlaşdıqda onun işığı atmosferdə daha uzun məsafə qət edir. Bu zaman mavi işıq daha çox səpələnir və qırmızı, narıncı tonlar daha qabarıq görünür.
Atmosferdəki toz, tüstü və digər hissəciklər isə bu rənglərin intensivliyini artıra bilər. Sosial şəbəkələrdə görüntülərlə əlaqələndirilən Qaleras vulkanı da Kolumbiyanın Narinyo bölgəsində yerləşir və ölkənin Geoloji Xidməti tərəfindən mütəmadi olaraq izlənilir. Beləliklə, səmanın qırmızı və narıncı rəngə boyanması özlüyündə zəlzələ və ya yeni yeraltı təkanların baş verdiyini göstərən əlamət hesab edilmir.
Bəsti Rəfizadə






