Dəniz səviyyəsi qalxacaq - 2 milyard insan RİSK ALTINDA

Dəniz səviyyəsi qalxacaq - 2 milyard insan RİSK ALTINDA
Kateqoriya məlum deyil
T

Aimlər süni intellekt və maşın öyrənməsi texnologiyalarının köməyi ilə Yer kürəsindəki buzlaqların qlobal xəritəsini yeniləyib və onların ümumi buz ehtiyatını yenidən hesablayıblar.


Sfera.az xəbər verir ki, “Scientific Data” jurnalında dərc olunan araşdırmaya görə, hazırda Yer kürəsinin buzlaqlarında təxminən 150 min kub kilometr buz mövcuddur. Bu buzların hamısı ərisə, dünya okeanının səviyyəsi təxminən 32,3 santimetr yüksələ bilər. Hesablamalara Antarktida və Qrenlandiyanın nəhəng buz örtükləri daxil edilməyib.


Tədqiqatı İtaliyanın Ka Foskari Venesiya Universitetinin alimləri Milli Tədqiqat Şurasının Qütb Elmləri İnstitutu ilə birgə aparıblar. Mütəxəssislər IceBoost v2.0 adlı maşın öyrənməsi modelini hazırlayıblar.


Model dünyanın müxtəlif buzlaqlarında aparılmış 7 milyondan çox buz qalınlığı ölçümündən istifadə edilməklə öyrədilib. Sistem relyef, səthin meyilliyi, buzun hərəkət sürəti və temperatur da daxil olmaqla 26 fiziki və həndəsi göstəricini nəzərə alır.


Yeni model buzlaqların ümumi həcmi ilə bağlı əvvəlki hesablamalara yaxın nəticə versə də, buzun dünyanın hansı bölgələrində və hansı dərinlikdə toplandığını daha dəqiq müəyyənləşdirib. Tədqiqatçıların məlumatına görə, model əvvəlki hesablamalarla müqayisədə sahə müşahidələri ilə uyğunluğu təxminən 40 faiz yaxşılaşdırıb.


Ən diqqətçəkən nümunələrdən biri Şərqi Qrenlandiyadakı Geyki yaylasının buzlağıdır. Yeni hesablamalara əsasən, burada buzun qalınlığı 2 kilometrə çatır və ümumi buz həcmi əvvəlki qiymətləndirmədən demək olar ki, iki dəfə çoxdur.


Alimlər bildirirlər ki, buzlaqların qalınlığını dəqiq bilmək onların 2100-cü ilə qədər vəziyyətini proqnozlaşdırmaq və ərimənin gələcəkdə dəniz səviyyəsinin yüksəlməsinə təsirini hesablamaq üçün vacibdir.


Yeni model gələcəkdə beynəlxalq GlacierMIP4 layihəsində də tətbiq olunacaq. Layihənin nəticələrinin BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) qiymətləndirmələrində nəzərə alınması planlaşdırılır.


Araşdırma həmçinin alimlərin hansı ərazilərdə məlumat çatışmazlığının olduğunu müəyyənləşdirib. Himalay, Karakorum və Pataqoniya buzlaqları bu baxımdan əsas problemlərdən hesab olunur. Bu məlumatlar gələcək ekspedisiyaların və sahə ölçmələrinin planlaşdırılmasına kömək edə bilər.


Buzlaqların dəqiq həcminin müəyyənləşdirilməsi yalnız iqlim dəyişikliyinin öyrənilməsi baxımından əhəmiyyət daşımır. Buzlaqlar çayları və ekosistemləri qidalandırır, kənd təsərrüfatı və əhalinin su təminatında mühüm rol oynayır. Alimlərin hesablamalarına görə, dünyada təxminən 1,9 milyard insan müəyyən dərəcədə buzlaq su ehtiyatlarından asılıdır.


Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə buz ehtiyatlarının hesablanmasında fiziki modellərlə süni intellektin birləşdirilməsi daha dəqiq nəticələr əldə etməyə imkan verəcək. Bununla belə, zaman məhduddur: orta enliklərdə yerləşən, o cümlədən Alp buzlaqlarının bir hissəsi qarşıdakı onilliklərdə tamamilə yox ola bilər.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR