İtaliyadan sonra Finlandiya da İspaniyanı Şengen zonasından çıxarmağı təklif etdi

Finlandiya İspaniyanın Şengen zonasından müvəqqəti çıxarılmasını təklif edib.
Sfera.az xəbər verir ki, Finlandiyanın daxili işlər naziri Mari Rantanen miqrasiya böhranı fonunda Avropa ölkələrini İspaniyanın müvəqqəti olaraq Şengen zonasından kənarlaşdırılmasını dəstəkləməyə çağırıb.
Nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Bundan əvvəl İtaliyanın Baş naziri Corca Meloni də Romanın İspaniya ilə Şengen razılaşmasına fasilə verilməsi ehtimalını nəzərdən keçirdiyini açıqlamışdı. O bildirib ki, belə bir addım Avropa İttifaqının sərhədlərini və vətəndaşlarını qorumaq üçün zəruridir.
Rantanen isə qeyd edib ki, Şengen zonasının xarici sərhədlərinin qorunması ilə bağlı öhdəliklərini yerinə yetirməyən ölkələr bu razılaşmada iştirak etməməlidir.
“İspaniya Şengen zonasının xarici sərhədini qeyri-qanuni keçidlərdən qorumaq vəzifəsinin öhdəsindən tam gələ bilməyib. Bu, belə davam edə bilməz. Bütün Avropa ölkələri Meloninin təklifini dəstəkləməlidir”, – deyə Finlandiya rəsmisi bildirib.
Məlumata görə, cümə axşamı Şimali Afrikadakı İspaniyanın muxtar şəhəri Seutaya Mərakeşdən 40 minə qədər qeyri-qanuni miqrantın daxil ola biləcəyi ehtimal edilib. Madrid vəziyyətin nəzarətdən çıxdığını etiraf edib.
Böhran fonunda təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə İspaniya hökuməti anklava hərbçilər göndərib.
İnci
Sfera.az




