Restorandan qəribə qadağa – "Buraya heç bir qadın ayaq basmayacaq"

İndoneziyanın Bali adasında yalnız kişilər üçün nəzərdə tutulmuş və qadınların girişinin qadağan edildiyi istirahət mərkəzi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Məlumata görə, adanın şimalındakı tropik meşələrdə fəaliyyətə başlayan "Bali Time Chamber" adlı mərkəzin təşkilatçıları qadınların kişilərin şəxsi inkişafına mane olduğunu iddia edirlər. Onların sözlərinə görə, bu məkan yalnız fiziki hazırlığını artırmaq, biznes bacarıqlarını inkişaf etdirmək və oxşar düşüncəli insanlarla vaxt keçirmək istəyən kişilər üçün nəzərdə tutulub.
Mərkəzin tanıtım videosunda "Buraya heç bir qadın ayaq basmayacaq. Bura inkişafı ləngidən hər şeydən uzaqdır" ifadəsi yer alıb.
Kompleksdə qadınlarla yanaşı, spirtli içkilər, emal olunmuş qidalar, sosial şəbəkələr və ənənəvi əyləncə vasitələri də qadağan edilib. Belə istirahətin qiyməti isə 3 min dollara qədər dəyişir.
Sosial şəbəkələrdə yayılan görüntülər fərqli reaksiyalar doğurub. Bəzi istifadəçilər bu təşəbbüsü "kişilər üçün ideal mühit" adlandırsa da, digərləri onu qadınlara qarşı ayrı-seçkilik və mizoginiyanın təbliği kimi qiymətləndiriblər. Layihənin tərəfdarları isə bildirirlər ki, uzun illərdir yalnız qadınlar üçün təşkil olunan istirahət proqramları mövcuddur və bunlar eyni səviyyədə tənqid olunmur. Onların fikrincə, kişilərin də diqqətlərini yayındıran amillər olmadan istirahət etmək və öz üzərlərində işləmək hüququ var.
Məqalədə qeyd olunur ki, bəzi psixoloqlar da rəqəmsal cihazlardan və gündəlik stressdən uzaq, yalnız kişilər üçün təşkil edilən proqramların özünəinamı artırmağa, emosional açıqlığı gücləndirməyə və şəxsi inkişafı dəstəkləməyə kömək edə biləcəyini bildirirlər. Bununla belə, bu cür proqramların qadınların "kişilərin inkişafına mane olması" kimi iddialarını təsdiqləyən elmi konsensus mövcud deyil.
Firuzə Əliyeva
Sfera.az







