“Ukrayna müharibəsinin qarşısı alına bilərdi” - Medvedçuk

“Ukrayna müharibəsinin qarşısı alına bilərdi” - Medvedçuk
Kateqoriya məlum deyil
T

“Başqa Ukrayna” hərəkatının rəhbəri, Viktor Medvedçuk Ukraynada baş verən faciələrin qarşısının 2013-cü ildə alına biləcəyini iddia edib.


Sfera.az xəbər verir ki, Medvedçuk hərəkatın rəsmi saytında dərc olunan müəllif yazısında 2013-cü il iyulun 27-28-də Rusiya Prezidenti Vladimir Putinin Kiyevə səfərini xatırladıb.

O bildirib ki, Putin həmin vaxt Rusiyanın xristianlığı qəbul etməsinin 1025 illiyi münasibətilə keçirilən tədbirlərdə və “Pravoslav-slavyan dəyərləri – Ukraynanın sivilizasiya seçiminin əsası” adlı beynəlxalq konfransda iştirak edib.
Medvedçukun sözlərinə görə, Putin konfransdakı çıxışında təkcə tarixi və mədəni məsələlərdən deyil, həm də Ukraynanın iqtisadi gələcəyi ilə bağlı xəbərdarlıqlardan danışıb.

O iddia edib ki, Rusiya lideri Ukraynanın Qərbə inteqrasiya kursunun ölkəni zənginləşdirməyəcəyini, əksinə, iqtisadi çətinliklərə sürükləyəcəyini söyləyib.


Sabiq siyasətçi qeyd edib ki, həmin dövrdə Ukrayna Prezidenti Viktor Yanukoviç konfransa qatılmayıb və Putinin çıxışını dinləməyib.


Medvedçuk daha sonra iddia edib ki, 2013-cü ilin payızında Qərbin dəstəyi ilə “Maydan” etirazları başlayıb, 2014-cü ilin fevralında isə hakimiyyət dəyişikliyi baş verib. Onun fikrincə, bundan sonra Ukraynanın Qərbyönlü siyasəti ölkədə yoxsulluq və qanlı qarşıdurmalara səbəb olub.


O, həmçinin bildirib ki, Putinin 2013-cü ildə Kiyevə səfəri Ukrayna ilə Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün son imkanlardan biri idi. Medvedçuk iddia edib ki, hazırda Kiyevə səfər edən Qərb liderləri ukraynalıları yalnız cəbhəyə getməyə çağırırlar.


Qeyd edək ki, bu açıqlamalar Viktor Medvedçukun şəxsi mövqeyini əks etdirir və hadisələrin səbəbləri ilə bağlı müxtəlif tərəflərin fərqli baxışları mövcuddur.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR