ABŞ pilotsuz sistemlərin kütləvi istehsalına keçir

ABŞ pilotsuz sistemlərin kütləvi istehsalına keçir
Kateqoriya məlum deyil
T

ABŞ Müdafiə Nazirliyi hava müharibəsi strategiyasını dəyişərək süni intellektlə idarə olunan, sadə və avtonom pilotsuz sistemlərin kütləvi istehsalına üstünlük verməyə hazırlaşır.

Sfera.az xəbər verir ki, bu istiqamətdə əsas prioritetlərdən biri Drone Dominance Program (DDP), digəri isə Collaborative Combat Aircraft (CCA) proqramıdır.

DDP çərçivəsində 2028-ci ilə qədər 340 min ədəd ucuz, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş zərbə PUA-sının istehsalı planlaşdırılır. Bu pilotsuz aparatların əsas məqsədi say üstünlüyü hesabına hava hücumundan müdafiə sistemlərini yükləmək və yüksək intensivlikdə zərbələr endirməkdir.

Hazırda proqram çərçivəsində müxtəlif pilotsuz uçuş aparatları sınaqdan keçirilir. Testlərdən sonra ən uğurlu modellər seriya istehsalına buraxılacaq. Pentaqon istehsal genişləndikcə bir pilotsuz aparatın qiymətini təxminən 5 min dollardan 2 300 dollara endirməyi hədəfləyir.

CCA proqramı isə F-35 və gələcək F-47 qırıcıları ilə birlikdə fəaliyyət göstərə bilən yarımavtonom pilotsuz platformaların hazırlanmasına yönəlib. İyun ayında ABŞ Hərbi Hava Qüvvələri General Atomics şirkətinin hazırladığı FQ-42A və Anduril Industries şirkətinin istehsal etdiyi FQ-44A pilotsuz platformalarını seriya istehsalına qəbul edib.

Bu sistemlər radioelektron mübarizə, kəşfiyyat, məlumat mübadiləsi və yüksək riskli digər tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub. Proqram təminatı isə asılılığın qarşısını almaq məqsədilə bir neçə müxtəlif təchizatçı tərəfindən hazırlanacaq.

Mütəxəssislərin fikrincə, ABŞ-nin bu strategiyanı seçməsinin əsas səbəbi Ukrayna və Yaxın Şərqdəki müharibələrin təcrübəsidir. Həmin münaqişələr göstərib ki, nisbətən ucuz pilotsuz uçuş aparatları müasir döyüş əməliyyatlarının gedişatını ciddi şəkildə dəyişə bilir.

Bununla yanaşı, ekspertlər hesab edirlər ki, pilotsuz sistemlərin kütləvi istehsalı üçün yalnız zavodların tikilməsi kifayət deyil. Bunun üçün logistika şəbəkəsinin qurulması, ixtisaslı kadrların hazırlanması, müxtəlif tipli dronların qarşılıqlı fəaliyyətinin təmin edilməsi və radioelektron maneələr şəraitində işləyə bilən idarəetmə sistemlərinin yaradılması da vacibdir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR