ABŞ-nin BMT-dəki səfiri: "İrana qarşı əməliyyatlar üçün lazım olan hər şeyimiz var"

ABŞ-nin BMT-dəki səfiri Mayk Uolz Vaşinqtonun İrana qarşı mümkün hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər silah və sursat ehtiyatına malik olduğunu bildirib.
Sfera.az xəbər verir ki, o, "NBC News"a müsahibəsində ABŞ ordusunun bu kampaniyanı effektiv şəkildə aparmaq üçün "lazım olan hər şeyə və lazım olduğu qədər resursa" sahib olduğunu deyib.
Mayk Uolz qeyd edib ki, əvvəlki Bayden administrasiyası dövründə silah ehtiyatları əhəmiyyətli dərəcədə azalmışdı.
"Bundan əlavə, müdafiə naziri Pit Heqset təkcə Ukraynaya göstərilən hərbi dəstək deyil, həm də husilərə qarşı aparılan əməliyyatlar səbəbindən silah ehtiyatları tükənmiş bir vəziyyəti miras alıb", - səfir bildirib
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp hazırda bütün mümkün variantları nəzərdən keçirir və eyni zamanda İranla diplomatik danışıqlara da müəyyən vaxt tanıyır.
Həmçinin, Donald Tramp ABŞ-nin İrana qarşı hərbi əməliyyatlar fonunda sursat çatışmazlığı yaşadığına dair yayılan məlumatları təkzib edib.
O, "The Wall Street Journal" qəzetinə açıqlamasında, "Dünyanın istənilən ölkəsindən daha çox, hətta ehtiyacımızdan da artıq sursatımız var", - vurğulayıb.
Bununla belə, nəşrin məlumatına görə, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Ağ Evi hava hücumundan müdafiə raketlərinin ehtiyatının əhəmiyyətli dərəcədə azaldığı barədə məlumatlandırıb.
Firuzə Əliyeva






