Keçmiş partiya rəhbərinin avtomobili bərpa olunacaq

Avstraliyada nasist Almaniyasının rəhbərlərindən biri olan Herman Görinqin istifadə etdiyi ehtimal edilən nadir Mercedes 540 K avtomobilinin bərpasına başlanılır.
Sfera.az xəbər verir ki, layihə Brisben şəhərində fəaliyyət göstərən Sleeping Beauties Restoration emalatxanasında həyata keçiriləcək.
Məlumata görə, eleqant kabriolet dövlət səfərləri və rəsmi mərasimlər üçün istifadə olunub. İkinci Dünya müharibəsinin başa çatmasından sonra avtomobil ABŞ ordusu tərəfindən müsadirə edilib. Əvvəlcə amerikalı hərbçilər ondan istifadə edib, daha sonra isə maşın ABŞ-yə aparılıb və uzun illər eyni sahibdə qalaraq baxımsız vəziyyətə düşüb.
Təxminən 13 il əvvəl klassik avtomobillər üzrə ixtisaslaşmış dilerlər onun tarixini araşdırarkən Şimali Karolinada avtomobildən yalnız paslanmış hissələrin qaldığını müəyyən ediblər.
Əvvəlcə avtomobilin ABŞ-də bərpası planlaşdırılsa da, bu baş tutmayıb. Sonradan sökülmüş vəziyyətdə Avstraliyaya gətirilən Mercedes 540 K-nın bərpası Brisbendəki emalatxanaya həvalə olunub.
Mütəxəssislərin sözlərinə görə, bərpa prosesi 4-5 il davam edəcək. Çünki avtomobilin bir çox orijinal hissələri artıq istehsal olunmur və onlar tarixi texniki göstəricilər əsasında əl işi ilə yenidən hazırlanmalıdır.
Ekspertlər avtomobilin dəyərini 1,5-2 milyon avro arasında qiymətləndirirlər. Bununla belə, nasist Almaniyası ilə bağlı tarixi keçmişinə görə bu nadir avtomobil bəzi kolleksiyaçılar üçün mübahisəli eksponat hesab oluna bilər.
Firuzə Əliyeva






