Fransada meşə yanğınları böyüyür

Fransada meşə yanğınları böyüyür
Kateqoriya məlum deyil
T

Fransanın cənub-qərbində baş verən güclü meşə yanğınları səbəbindən son üç gündə 140 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə olunub.

Sfera.az xəbər verir ki, ölkənin Jirond (Gironde) və Land (Landes) departamentlərində iyulun 22-dən bəri davam edən yanğınlar hələ də tam nəzarət altına alınmayıb. Alov qısa müddətdə geniş əraziyə yayılıb.

Məlumata görə, Fransanın son illərdə qeydə alınan ən böyük yanğınlarından biri hesab edilən Jirond bölgəsində 3 gün ərzində 19 min hektar meşə sahəsi külə dönüb.

Yanğının söndürülməsi üçün Jirondda 1000-dən çox yanğınsöndürən və onlarla təyyarə cəlb edilib. Bölgədə 110 min nəfər, Land departamentində isə davam edən yanğınlar səbəbindən 31 min nəfər təxliyə olunub.

Səlahiyyətli qurumlar Jirond departamentinin mərkəzi olan Bordo (Bordeaux) şəhərində də minlərlə sakinin evlərini tərk etməsi barədə göstəriş verib. Bundan başqa, məşhur istirahət məkanı olan Kap-Ferre (Cap-Ferret) bölgəsində də minlərlə insan təhlükəsizlik məqsədilə təxliyə edilib.

Land departamentində baş verən yanğında isə indiyədək 2600 hektar ərazi yanıb. Alovun qarşısının alınması istiqamətində 500-dən çox yanğınsöndürən fəaliyyət göstərir.

Eyni zamanda, Var departamentinin Ponteves şəhərində həftənin əvvəlindən davam edən yanğın da hələ nəzarət altına alınmayıb. Rəsmilər vəziyyətin pisləşəcəyi təqdirdə yeni təxliyələrin həyata keçirilə biləcəyini bildiriblər.

Fransanın daxili işlər naziri Loran Nünez (Laurent Nunez) açıqlamasında qeyd edib ki, ilin əvvəlindən ölkədə baş verən yanğınlar nəticəsində yanan ərazinin sahəsi 50 min hektarı ötüb. Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR