ABŞ: Son hücum dalğası başa çatdı

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə qarşı 13 gecədir davam edən hərbi əməliyyatların son hücum dalğasının başa çatdığını açıqlayıb.
Sfera.az xəbər verir ki, CENTCOM-un yaydığı məlumatda əməliyyatların əsas məqsədinin İranın Hörmüz boğazından keçən ticarət gəmiləri və mülki dənizçilər üçün yaratdığı təhlükəni daha da azaltmaq olduğu bildirilib.
Qeyd olunub ki, hücumlar zamanı İranın hərbi komanda mərkəzləri, pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbarlar, rabitə şəbəkələri, sahil müşahidə məntəqələri və dəniz imkanları hədəfə alınıb.
Açıqlamada vurğulanıb ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son hücumlarına baxmayaraq, Hörmüz boğazı kommersiya gəmilərinin hərəkəti üçün açıq qalır. Bildirilib ki, ABŞ ordusunun dəstəyi ilə ticarət gəmiləri boğazdan sərbəst şəkildə keçməyə davam edir.
Məlumata əsasən, Bəndər-Abbas limanına endirilən zərbələr nəticəsində azı iki nəfər yaralanıb.
Xatırladaq ki, CENTCOM günün əvvəlində də İran ərazisindəki hərbi hədəflərə qarşı 13-cü gecə yeni hücum dalğasının başladığını açıqlayıb. İran mediası isə həmin hücumlardan sonra Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində çoxsaylı partlayışların qeydə alındığını bildirib.
Bəsti Rəfizadə
Sfera.az






