Aİ Komissiyası "Google"a 890 milyon avroluq cərimə kəsdi

Avropa İttifaqı (Aİ) Komissiyası “Google” şirkətini Rəqəmsal Bazarlar Aktını (DMA) iki istiqamət üzrə pozduğuna görə ümumilikdə 890 milyon avro məbləğində cərimələyib.
Sfera.az xəbər verir ki, Aİ Komissiyasının yaydığı məlumata əsasən, “Google” axtarış sistemində öz xidmətlərinə üstünlük verməklə və “Google Play” platformasında tətbiq tərtibatçılarının istifadəçiləri alternativ, əksər hallarda daha ucuz alış kanallarına yönləndirməsinə mane olmaqla qanunvericiliyin tələblərini pozub.
Qərara əsasən, şirkətə ilk pozuntuya görə 460 milyon avro, ikinci pozuntuya görə isə 430 milyon avro olmaqla, ümumilikdə 890 milyon avro cərimə tətbiq edilib.
Aİ Komissiyası bildirib ki, cərimələrin məbləği müəyyən edilərkən pozuntuların ağırlığı və davametmə müddəti nəzərə alınıb.
Bununla yanaşı, Komissiya “Google”dan aşkar edilmiş pozuntuları aradan qaldırmağı tələb edib. Qərara əsasən, şirkət axtarış nəticələrində üçüncü tərəf xidmətlərinə öz xidmətləri ilə bərabər, ədalətli və ayrı-seçkiliyə yol vermədən yanaşmalı, həmçinin “Google Play” vasitəsilə tətbiq yayımlayan tərtibatçıların istifadəçilərlə həm platforma daxilində, həm də platformadan kənarda sərbəst əlaqə saxlamasına və müqavilə bağlamasına texniki və hüquqi imkan yaratmalıdır.
“Google”un Aİ Komissiyasının qərarlarını 60 gün ərzində icra etməsi tələb olunur. Əks halda şirkət qlobal illik dövriyyəsinin 5 faizinə qədər gündəlik cərimə ilə üzləşə bilər.
Bəsti Rəfizadə
Sfera.az
