İranın Körfəz taktikası: İsraili vurmamaq Tehrana nə qazandırır?

İranın Körfəz taktikası: İsraili vurmamaq Tehrana nə qazandırır?
Kateqoriya məlum deyil
T

ABŞ artıq bir neçə gündür ki, İranı müntəzəm şəkildə bombalayır. İran isə buna cavab olaraq Fars körfəzi ölkələrindəki ABŞ bazalarını vurur. Gözləntilərin əksinə olaraq İran bu dəfə İsrailə hər hansı zərbə endirmir.

Bəs İran hücumlara cavab olaraq niyə İsraili vurmur?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, İranın ABŞ-nin zərbələrinə cavab olaraq İsraili deyil, ancaq Körfəz ölkələrini hədəf alması də düşündürcüdür.

Onun sözlərinə görə, məntiqlə ABŞ-nin regiondakı maraqlarını və hərbi bazalarını hədəf alan İran ilk növbədə məhz elə ABŞ-nin regiondakı bir nömrəli müttəfiqi İsrailə zərbələr endirməli idi. Politoloq bildirdi ki, lakin bu baş vermir və bunun bir neçə səbəbi var:

“Birincisi, İranın cəbhəni genişləndirmək istəməməsi ilə bağlıdır. Zərbə endirdiyi Körfəz ölkələri hər hansı formada İranın zərbələrinə cavab vermir. Yəni, İran Körfəz ölkələrindən cavab verilməyəcəyini bildiyi üçün rahat şəkildə həmin ərazilərdəki ABŞ bazalarına hücumlar edir. İsrailə zərbə endiriləcəyi halda isə mütləq şəkildə cavab veriləcəyini bilir. Bu zaman artıq təkcə ABŞ-nin deyil, İsrailin də zərbələrindən qorunmaq məcburiyyəti yaranacaq və İran faktiki olaraq iki cəbhədə döyüşmək məcburiyyətində qalacaq. Bu yanaşma Tehrana münaqişənin coğrafiyasını və intensivliyini müəyyən qədər nəzarətdə saxlamaq imkanı verir.

İkinci səbəb hərbi səmərəliliklə bağlıdır. Fars körfəzində yerləşən ABŞ bazaları İranın ballistik raketləri və pilotsuz uçuş aparatları üçün coğrafi baxımdan daha yaxın və bəzi hallarda daha əlçatan hədəflərdir. Bundan əlavə, həmin bazalara zərbə endirmək ABŞ-nin əməliyyat imkanlarını zəiflətmək məqsədi daşıyır. İran düşünür ki, İsraildə hər hansı hədəfi məhv etmək üçün onlarla raket atmaqdansa Körfəz ölkələrini hədəf almaq daha asandır. Başqa sözlə İran İsrailin özünümüdafiə qabiliyyətini də nəzərə alaraq hücumlarını Körfəz ölkələri istiqamətində həyata keçirir. Bu, əslində, operativ hərbi məntiqə söykənən seçim kimi qiymətləndirilə bilər”.

R.Bayramov qeyd edib ki, daha bir səbəb İranın Körfəz ölkələrinə vermək istədiyi mesajla bağlıdır:

“İran Körfəz ölkələrinə göstərmək istəyir ki, ərazilərində yerləşən ABŞ hərbi obyektləri onları potensial risk altına salır. Bununla Tehran region dövlətlərini Vaşinqtonun hərbi fəaliyyətinə daha ehtiyatla yanaşmağa sövq etməyə çalışır. İsrailə belə bir mesaj verməyin hər hansı bir mənası yoxdur, çünki İranın nə etməsindən asılı olmayaraq ABŞ-İsrail müttəfiqliyi davam edəcək. Odur ki, İsrailə zərbələr endirmək sadaladığım səbəblərə görə indiki halda İranın maraqlarına cavab vermir. Amma bu, İsrailin ümumiyyətlə zərbə altında qalmayacaqğı anlamına da gəlməməlidir. İsrailin atacağı addımlardan asılı olaraq İran hücum prioritetlərini dəyişə də bilər”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ