ABŞ-də istilər can aldı: 25 nəfər həyatını itirdi

ABŞ-də istilər can aldı: 25 nəfər həyatını itirdi
Kateqoriya məlum deyil
T

Avropanı cənginə alan qovurucu istilər artıq ABŞ-də də ciddi fəsadlara yol açıb. Təxminən bir həftədir ölkə ərazisində hökm sürən anomal hava şəraiti nəticəsində azı 25 nəfər dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, "NBC News" telekanalının yaydığı məlumata görə, ölkə daxilində təxminən 40 milyon insan üçün "anomal isti hava" xəbərdarlığı edilib.

Hazırda ABŞ-nin şərq və cənub bölgələrində temperatur bəzi yerlərdə 40,5 dərəcəyə qədər yüksəlib. Nyu-Yorkda isə kəskin istilər səbəbindən səhhəti pisləşən 378-dən çox insan təcili yardıma müraciət edib. Nyu-Cersi ştatında 22, Missisipidə 2, İllinoysda isə 1 nəfər istilərin qurbanı olub.

Milli Hava Hava Xidməti (NWS) ölkənin şərqində xəbərdarlıq rejiminin qüvvədə qalacağını bəyan edib. Paytaxt Vaşinqton, Filadelfiya, Baltimor, Reli, Çarlston və Ceksonvil kimi şəhərlərdə yüksək rütubət səbəbindən hiss edilən temperaturun 37,7 ilə 40,5 dərəcə arasında olacağı gözlənilir.

Sinoptiklər təkcə istilərlə deyil, həm də kəskin hava dəyişikliyi ilə bağlı həyəcan təbili çalıblar. Ölkənin şərqində şiddətli fırtına, dolu və qəfil daşqınların baş vermə ehtimalı olduqca yüksəkdir. Delaverdən Konnektikuta qədər uzanan xətt üzrə, eləcə də Nyu-York şəhəri daxil olmaqla, təxminən 34 milyon insanın daşqınlardan zərər çəkə biləcəyi proqnozlaşdırılır. Bölgədə yağıntının miqdarının bəzi yerlərdə 7,6 santimetrə çatacağı bildirilib.

Artıq əlverişsiz hava şəraiti səbəbindən şərq ştatlarında yüz minlərlə ev və iş yerinin işıqsız qaldığı qeyd olunub.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ