Rusiya-Ukrayna savaşı bu tarixdə bitəcək – İDDİA

“The New York Times” (NYT) kəşfiyyat mənbələrinə istinadən yazır ki, Donbas bölgəsini tam nəzarətə götürmək üçün Rusiyaya daha iki il lazım olacaq. Görünür, Kremlə bu hesablamalar məlumdur və müharibəni bu ssenari üzrə davam etdirməyə razıdır. Rusiya lideri Vladimir Putin Ukraynaya qarşı müharibədə qalib gəldiyinə inanır.
Buna baxmayaraq, nəşr bildirib ki, Rusiya iqtisadiyyatı son aylarda ciddi problemlərlə üzləşib və bu problemlər müharibəni daha iki il aparmağa imkan verməyə bilər.
Rusiyanın Donbas bölgəsinə tam nəzarəti ələ keçirməsi üçün daha iki ilə ehtiyac olduğu barədə iddialar nə dərəcədə əsaslı və real qiymətləndirilə bilər? Müharibənin daha 2 il davam etməsi gözləniləndirmi?
Politoloq Rəşad Bayramov Sfera.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, 2 il proqnozu hərbi, iqtisadi və siyasi faktorların kombinasiyasına əsaslanır, lakin bunun yalnız şərti və maksimum ssenari olduğunu vurğulamağa ehtiyac var.
Politoloqun fikrincə, cəbhə xəttində artıq uzun müddətdir ki, yüksək intensivlik müşahidə olunur:

“Lakin buna baxmayaraq, irəliləyiş olduqca yavaşlayıb. Yəni, başqa sözlə, hücum və zərbələrin sayı artsa da, ordunun irəliləməsi əvvəlki illərlə müqayisədə olduqca ləng gedir. Düzdür, Rusiya qüvvələri bəzi taktiki uğurlar qazanır, lakin genişmiqyaslı sürətli irəliləyiş müşahidə edilmir. Bu dinamika müharibənin klassik 'tükəndirmə savaşı' mərhələsinə keçdiyini göstərir. Rusiyanın Donbas bölgəsinə tam nəzarəti ələ keçirməsi üçün daha iki ilə ehtiyac olduğu barədə iddialar da məhz elə bundan qaynaqlanır. Rusiyanın indiki templə irəliləməsini nəzərə aldıqda, iki illik ssenari nəzəri baxımdan real görünür, lakin müharibələr nadir hallarda xətti inkişaf edir və gözlənilməz dönüş nöqtələri meydana çıxa bilər. Vladimir Putin üçün uzunmüddətli ssenarinin qəbul edilməsinin əsas səbəbi strateji hesablamalardır. Moskva düşünür ki, Ukraynanın resursları Qərb dəstəyindən asılı olduğu üçün müharibənin uzanması Qərb ölkələrində siyasi yorğunluğa və daxili təzyiqə səbəb ola bilər. Ona görə də Rusiyaya görə, müharibənin uzanması ilə zaman onun xeyrinə işləyir. Psixoloji aspekt də əhəmiyyətlidir. Rusiya rəhbərliyi özünü qalib kimi görür və sürətli qələbə mümkün deyilsə, ən azından davamlı nəzarət prioritet hesab olunur".
R. Bayramov qeyd edib ki, digər tərəfdən, Rusiya iqtisadiyyatı son aylarda ciddi problemlərlə üzləşib:
“Sanksiyalar, struktur problemləri, yüksək hərbi xərclər və texnologiya çatışmazlığı büdcə balansına olduqca mənfi təsir edir. İnflyasiya və əmək bazarındakı gərginlik uzunmüddətli risklər yaradır. Əgər iqtisadi yük daha da artarsa, ikiillik müharibə modeli daxili sosial sabitlik üçün riskə çevrilə bilər. Lakin hazırkı model göstərir ki, Kreml qısa və orta müddətdə hərbi prioritetləri qorumağa hələ ki qadirdir. Donald Tramp tərəfindən Rusiyaya müharibənin dayandırılması üçün təklif edilən investisiyalar geosiyasi dinamikanı dəyişə bilər. Əgər ABŞ bu təşəbbüsləri sanksiyaların yumşaldılması ilə müşayiət edərsə, Moskva üçün alternativ ssenari formalaşa bilər. Lakin bunun baş verməsi həm ABŞ-nin daxili siyasətindən, həm də Ukraynanın və Avropanın mövqeyindən asılıdır. Bu, müharibənin müddətinə və hərbi əməliyyatların tempinə birbaşa təsir göstərə bilər”.
Müsahib hazırkı dinamikanın qısa müddətdə hansısa həlledici dönüş vəd etmədiyini əlavə edib:
“Cəbhə xətti yavaş dəyişir, tərəflər resurs müharibəsi aparır. Buna görə də müharibənin hələ 1-2 il də davam etmə ehtimalı real görünür. Lakin Ukraynaya maksimum dəstəyin təmin olunması ilə onun hərbi üstünlük əldə etməsi, Rusiyada ciddi iqtisadi-sosial böhran və ya böyük güclər arasında siyasi razılaşmanın ortaya çıxması bu proqnozu poza bilər. Odur ki, Donbasın tam nəzarətə götürülməsi üçün iki il proqnozu nəzəri baxımdan real olsa da, zəmanətli deyil. Bəli, müharibə artıq sürətli qələbə mərhələsini geridə qoyub və davamlılıq mübarizəsinə çevrilib. Əgər hazırkı temp qorunarsa, qarşıdurmanın daha iki il davam etməsi istisna deyil. Lakin müharibələrin taleyi həm də gözlənilməz siyasi qərarlar, iqtisadi amillər və beynəlxalq müdaxilələrdən asılıdır”.
Fidan Hacızadə
Sfera.az
