ABŞ-nin Florida ştatında, Prezident Donald Trampın təşəbbüsü ilə inşa edilən və ictimaiyyətdə “Timsahlı Alcatraz” adı ilə tanınan miqrant saxlama mərkəzinin tikintisi məhkəmə qərarı ilə müvəqqəti dayandırılıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Mayami şəhərində fəaliyyət göstərən Federal Hakim Ketlin Uilyamsın qərarına əsasən, ətraf mühit qanunlarının pozulub-pozulmadığı ilə bağlı araşdırma aparıldığı müddətdə tikinti işləri 14 gün ərzində tamamilə dayandırılacaq.
Bu müddətdə ərazidə hər hansı dolğu, asfaltlama və infrastruktur fəaliyyəti qadağan olunub. Bununla belə, mərkəzin mövcud fəaliyyəti və miqrantların yerləşdirilməsi davam etdirilə bilər.
Təbiəti qoruyan tərəflər bildirirlər ki, Everqleyds (Everglades) adlı ekoloji cəhətdən həssas bataqlıq ərazidə inşa edilən bu nəhəng kompleks regionun ekosisteminə bərpaolunmaz zərər vura bilər. Onlar məhkəməyə təqdim etdikləri şahid ifadələrində layihənin ciddi təhlükə yaratdığını əsaslandırıblar.
Hazırda federal və ştat hökumətini təmsil edən hüquqşünasların qarşıdakı həftə məhkəməyə müdafiə təqdim edəcəyi gözlənilir.
Xatırladaq ki, “Timsahlı Alcatraz” adı, ABŞ-nin məşhur San-Fransisko sahillərində yerləşən və 1962-ci ildə bağlanmış Alcatraz həbsxanasına istinadla verilib. Donald Tramp Everqleydsdəki bu yeni 5 min nəfərlik mərkəzə şəxsən baxış keçirmiş, onu Daxili Təhlükəsizlik naziri Kristi Noem və digər rəsmi şəxslərlə birlikdə ziyarət etmişdi. Buranın tikilməsində məqsəd ABŞ-yə qeyri-qanuni yollarla daxil olan miqrantların saxlanılması üçün idi.
Bəsti Rəfizadə
Sfera.az