Aİ Ukraynaya maliyyə yardımını dayandırıb - Səbəb

Avropa İttifaqı (Aİ), Ukraynada antikorrupsiya orqanlarının müstəqilliyi ilə bağlı narahatlıqlar səbəbilə 24 iyul tarixindən etibarən bu ölkəyə maliyyə yardımını müvəqqəti dayandırıb. Bu qərar Aİ-nin Ukraynadakı institusional islahatlara olan inamının sarsıldığını göstərir.
Sfera.az xəbər verir ki, bu barədə "Ekonomiçeskaya pravda" (və ya "İqtisadi həqiqət") qəzeti Ukrayna hökuməti, parlamenti və diplomatik dairələrdəki mənbələrə istinadən yazıb.
Aİ-nin maliyyələşməni dayandırdığı proqramlar aşağıdakılardır:
- ERA (Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi) üzrə dondurulmuş Rusiya aktivləri ilə maliyyələşdirilən 17,2 milyard avro təcili kreditlər;
- Ukrayna Mexanizmi üzrə 12,5 milyard avro məbləğində maliyyə dəstəyi;
Ukrayna parlamenti 31 iyulda Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAPO) müstəqilliyini qorumaq məqsədilə yeni qanun layihəsini müzakirə edəcək.
Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti 21 iyulda NABU əməkdaşlarında axtarış aparıb, ardınca Rada bu qurumların səlahiyyətlərini məhdudlaşdıran qanun qəbul edib. Radanın qərarından sonra minlərlə insan Kiyevdə və digər şəhərlərdə etiraz aksiyaları təşkil edib.
Prezident Zelenski 23 iyulda qanunu imzalayıb, lakin Aİ-nin təzyiqindən sonra geri addım ataraq 24 iyulda müstəqilliyi bərpa edən yeni qanun layihəsini təqdim edib.
Qeyd edək ki, NABU prezidentə yaxın olan keçmiş nazir Aleksey Çernışova qarşı korrupsiya ittihamı irəli sürüb.
Əgər Ali Rada yeni qanun layihəsini qəbul edərsə, Avropa İttifaqı yardım proqramlarını bərpa edə bilər. Qərb üçün Ukraynada antikorrupsiya orqanlarının tam müstəqilliyi əsas prioritetdir.
Firuzə Əliyeva
Sfera.az