“Lufthansa” bir sıra şəhərlərə uçuşların dayandırılması müddətini avqustun 21-dək UZATDI
Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar “Lufthansa Group”a daxil olan aviaşirkətlər Əmman, Beyrut, Tehran, Təl-Əviv və Ərbilə uçuşların dayandırılması müddətini avqustun 21-dək uzadıb.
Sfera.az xəbər verir ki, bu barədə TASS-a "Lufthansa"nın mətbuat xidmətindən məlumat verilib.
"Mövcud təhlükəsizlik təhlilinə əsasən, “Lufthansa Group” Yaxın Şərqdəki fəaliyyətində yenidən dəyişiklik edir. Təl-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə bütün uçuşlar avqustun 21-dək dayandırılıb. Konsern qeyd olunan tarixə qədər İran və İraqın hava məkanından istifadə etməyəcək", – məlumatda bildirilib.
Qeyd olunub ki, aviadaşıyıcı görülən tədbirlərdən zərər çəkmiş sərnişinlərə biletləri pulsuz olaraq yenidən bron etmək və ya reysi ləğv etmək imkanı təklif edir.