Puçdemon İspaniyanı TƏRK ETDİ
İspaniya polisi Kataloniya separatçılarının lideri Karles Puçdemonu tuta bilməyib, o, artıq ölkəni tərk edib.
Sfera.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Puçdemonun partiyası "Junts"un baş katibi Jordi Turull yerli radioya açıqlamasında deyib.
Yerli RAC1 radiosunda danışan partiyanın baş katibi bildirib ki, Puçdemon dünən gecəni Fransada keçirib və indi 2017-ci ildən mühacirətdə olduğu Brüsseldən kənarda yerləşən Vaterloo şəhərinə qayıdır.
Turull əlavə edib ki, Puçdemon çərşənbə axşamı (avqustun 6-da) İspaniyaya gəlib.
Puçdemonun vəkili Gonzalo Boye də onun İspaniyanı tərk etdiyini söyləyib.
İspaniya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı "Politico"nun sorğusuna cavab verməyib.
Qeyd edək ki, cümə axşamı (8 avqust) həbs olunan iki polis məmuru Puçdemonun qaçmasına kömək etməkdə günahlandırılır.
İspaniyanın əsas polis həmkarlar ittifaqı "Jupol" siyasətçinin qaçmasını qalmaqal adlandırıb və polisin öz vəzifəsini pozduğunu, bunun qəbuledilməz hal olduğunu bəyan edib.
Kataloniya polis rəhbərinin bu gün axşam saatlarında mətbuat konfransı keçirəcəyi gözlənilir.
Xatırladaq ki, Puçdemon İspaniyanı 2017-ci ildə tərk etmişdi. O vaxtdan bəri hakimiyyət onun qeyri-qanuni müstəqillik referendumunu təşkil etdiyinə görə həbs edilməsinə göstəriş verib. Puçdemon 2017-ci ildə İspaniyadan gizlicə sərhədi keçərək Brüssel yaxınlığındakı Vaterloo şəhərində sığınacaq tapıb. Oradan 2019-cu ildə Avropa Parlamentinin üzvü seçilib. Bu illər ərzində İspaniyada onun həbsi ilə bağlı qərar qüvvədə qalıb.