İsraildə hökumətin istefa tələbi ilə genişmiqyaslı etirazlar başladı

İsraildə hökumətin vaxtından əvvəl istefası tələbləri ilə müşayiət olunan kütləvi etirazlar başlayıb. Mitinq iştirakçıları yeni seçkilərin keçirilməsini tələb edirlər.
Sfera.az bildirir ki, aksiya iştirakçıları baş nazir Benyamin Netanyahu və onun hökumətini istefaya, İsraildə növbədənkənar seçkilər keçirməyə çağırıblar.
Kütləvi nümayişlərin təşkilatçıları baş nazir Benyamin Netanyahu və onun administrasiyasını istefaya çağırmaq, İsraildə erkən seçkilərin keçirilməsini tələb etməklə yanaşı, həmçinin girovların azad edilməsi ilə bağlı razılığın əldə olunmasını tələb edirlər. Xatırladaq ki, hazırda Qəzza zolağında 130-dan çox insan əsirlikdədir.
Bu həftə Qüdsdə dörd gün etiraz aksiyaları və kütləvi nümayişlərin keçirilməsi nəzərdə tutulub.
Təşkilatçılar etirazlarda 100 mindən çox insanın iştirak etdiyini bildirsə də, media etirazçıların sayının on minlərlə olduğunu qeyd edib.
Etirazçıların əksəriyyəti mitinqlərin səbəbi kimi, HƏMAS-ın terror hücumundan altı ay keçməsinə baxmayaraq, Benyamin Netanyahunun hələ də istefa verməməsini göstərib.
Polis etirazçılardan saxlanılanların olduğunu bildirib.
Etirazçılar hadisə yerində gecələmək üçün Knesset binası qarşısında yüzdən çox çadır qurublar.
Benyamin Netanyahunun etirazlara reaksiyası
Növbədənkənar seçkilər keçirilməsi tələbi ilə etirazlar başlayan gün Netanyahu mətbuat konfransı keçirib. O, bu addımın müharibənin ortasında, qələbəyə çox az qalmış müddətdə ölkəni səkkiz aya qədər iflic vəziyyətinə salacağını bildirib.
Aysel
Sfera.az