Rusiya Ukraynanı cavabsız qoymadı – 151 hədəfə HÜCUM ETDİ

Rusiya ordusu bu gün səhər Ukraynanın enerji sisteminə hücumlar həyata keçirib.
Sfera.az xəbər verir ki, Ukraynanın energetika naziri German Qaluşenko bununla bağlı açıqlama verib.
Qaluşenko açıqlamasında bildirib ki, Rusiya Ukraynanın enerji sisteminə son zamanların ən böyük hücumunu həyata keçirib. Hücumların davam etdiyini vurğulayan Qaluşenko söyləyib ki, Rusiyanın məqsədi Ukraynanın enerji sisteminə ciddi zərər verməkdir: “Təəssüf ki, müxtəlif bölgələrdə istehsal müəssisələrinə, ötürücü və elektrik paylama sistemlərinə zərər vurulub. Rusiyanın hücumları nəticəsində Zaporojya Atom Elektrik Stansiyasını qidalandıran elektrik xətti zədələnib. Bombardman səbəbilə atom elektrik stansiyasını qidalandıran enerji nəqli xətlərindən biri qırılıb".
Qaluşenko ölkənin müxtəlif bölgələrində elektrik enerjisinin kəsildiyini və dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq qrupların ciddi səy göstərdiyini bildirib. Ukraynanın dövlət su elektrik stansiyaları şirkəti olan “Ukrhidroenerqo”nun sosial şəbəkədəki bəyanatında isə bildirilir ki, Zaporojya şəhərində yerləşən və ölkənin ən böyük su elektrik stansiyalarından biri olan Dnepr SES-ə də hücum edilib: “Hücum nəticəsində yanğın baş verib və hazırda stansiyada yanğın davam edir. Fövqəladə hallar xidmətləri və energetiklər çoxsaylı aviazərbələrin nəticələrini aradan qaldırmaq üçün hadisə yerində işləyirlər. Bənddən su sızması təhlükəsi isə yoxdur”.
Xatırladaq ki, Ukrayna ordusunun Rusiyanın neft emalı müəssisələrinə çoxsaylı hücumlarından sonra Prezident Vladimir Putin bu hücumların cavabsız qalmayacağını, qisas alınacağını bildirmişdi. Bu gün səhər Rusiya ordusunun Ukraynanın 151 hədəfinə hücumlar təşkil etməsi Rusiyanın cavabı kimi qiymətləndirilir. Hücumlar zamanı Rusiya balistik raketlərdən, kamikadze PUA-lardan və qanadlı raketlərdən istifadə edib. Rusiyanın hücum zamanı istifadə etdiyi vasitələrin bir çoxu zərərsizləşdirilsə də bəziləri hədəfinə çata bilib və Ukraynanın enerji sisteminə ciddi zərər dəyib.
Vasif