İntihar deyil - “Lukoyl”un vitse-prezidentinin ölümünün yeni versiyası AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Rusiyanın özəl neft şirkəti "Lukoyl"un vitse-prezidenti Vitali Robertus ürək tutmasından dünyasını dəyişib.
Sfera.az bildirir ki, Vitali Robertus ölümündən bir neçə həftə əvvəl yüksək qan təzyiqi və ürək aritmiyasından əziyyət çəkib. Bu barədə Rusiyanın “Versiya” nəşri yazıb.
İddialara görə, top menecerin masasında ürək dərmanları tapılıb. Rusiya mətbuatının məlumatına görə, Robertusun cəsədi hazırda patoloqların yanındadır və onlar ölümün dəqiq səbəbini müəyyən edəcəklər.
Bir neçə həftə əvvəl həkimlər “Lukoyl”un vitse-prezidentinə məşq etdiyi klubda qaçmağına belə icazə verməyiblər. Həkimlər kişidə kəllədaxili təzyiqin və ürək aritmiyasının artmasına müşahidə ediblər.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya KİV-i Robertusun öz kabinetində intihar etdiyi barədə məlumat yayıb. Robertusun meyiti Sretenski bulvarında yerləşən “Lukoyl” ofisində tapılıb.
İddialara görə, ölümündən bir müddət əvvəl mərhum səhhətindən şikayət edib və başağrı üçün həb istəyib, bundan sonra kabinetinə gedib. Bir neçə saat kabinetdən çıxmayan mərhumun cəsədi daha sonra şirkət işçiləri tərəfindən aşkar edilib.
Xatırladaq ki, 53 yaşlı Vitali Robertusun ölümü martın 12-də məlum olub. O, 30 ilə yaxın “Lukoyl”da işləyib.
Bu, son iki ildə “Lukoyl”un vəfar edən dördüncü vitse-prezidentidir.
Aysel
Sfera.az